Xəzər dənizinin müxtəlif sahil zolaqlarında son günlər müşahidə olunan quş cəsədləri ictimai narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra məsələ ilə bağlı araşdırmalar aparılıb və ilkin səbəblər müəyyən edilib.
Mütəxəssislər Azərbaycan Televiziyasına bildiriblər ki, bölgədə müşahidə olunan kəskin temperatur düşüşü quşların həyat qabiliyyətinə əhəmiyyətli təsir göstərib. Xüsusilə Xəzər sahilində qışlayan növlər üçün sərt hava şəraiti ağır fəsadlara gətirib çıxarır.
Aparılan müşahidələrə əsasən, ən çox tələf olan növ qağayılardır. Onların həm sərt soyuğa qarşı daha həssas olduqları, həm də bu mövsümdə qida resurslarının kəskin azalması ilə üzləşdikləri qeyd olunur.
Mütəxəssislər vurğulayırlar ki, soyuq hava şəraiti balıq migrasiyasına və dənizdə qida axınlarına təsir göstərdiyi üçün qağayılar uzun müddət aclıq riski ilə qarşılaşırlar. Bu da onların zəifləməsinə və hava şəraitinin təsirlərinə davam gətirə bilməməsinə səbəb olur.
Əraziyə baxış davam edir
Qoruqların əməkdaşları və ekoloqlar sahilyanı ərazilərdə monitorinqləri davam etdirirlər. Hazırda quşlarda xəstəlik, zəhərlənmə və ya digər antropogen faktorların kütləvi ölümə səbəb olması ilə bağlı bir göstərici qeydə alınmayıb.
Mütəxəssislər bildirirlər ki, bu tip hallar qış aylarında Xəzərin ekosistemində təbii proses kimi daha çox sahilyanı zolaqlarda müşahidə olunur və müəyyən dövrlərdə təkrarlana bilər.





