Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Könüllü Proqramının növbəti mərhələsi aktiv fazaya daxil olub. Fevralın 16-dan martın 13-dək müsahibə mərhələsini uğurla tamamlayan namizədlər üçün genişmiqyaslı təlimlər təşkil ediləcək.
Təlim prosesinin əsas istiqamətləri
Təlim proqramı üç əsas blokdan ibarət olacaq və könüllülərin forum zamanı üzərlərinə düşən vəzifələri peşəkar şəkildə yerinə yetirməsinə yönəlib:
- Ümumi oriyentasiya – forumun məqsədləri, strukturu və iş prinsipləri barədə məlumatlandırma;
- Rola əsaslanan hazırlıq – hər bir könüllünün xüsusi funksiyasına uyğun praktiki təlimlər;
- Məkan üzrə hazırlıq – tədbirin keçiriləcəyi zonalarda fəaliyyət qaydalarının izahı və situativ hazırlıq.
Təlim müddətini müvəffəqiyyətlə başa vuran 2 500 könüllü WUF13-ün əməliyyat bölmələrində yerləşdiriləcək və qonaq qarşılama, logistika, informasiya dəstəyi, qeydiyyat və digər kritik sahələrdə xidmət göstərəcək.
Bu il WUF13 Könüllü Proqramına maraq əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 16 min namizəd müraciət edib və onların 10 500-dən çoxu ilkin seçim mərhələsini keçərək müsahibəyə dəvət olunub.
Müsahibə mərhələsini isə 5 mindən artıq namizəd uğurla tamamlayıb. Onların arasında 1500-dən çox xarici vətəndaşın olması proqramın beynəlxalq miqyasda da böyük maraq doğurduğunu göstərir.
WUF13 çərçivəsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır, çünki tədbir çoxsaylı qonaqların iştirak edəcəyi qlobal platformadır və könüllülər forumun təşkilati uğurunda əsas dayaqlardan biri hesab olunur.





