Adi isti vanna yalnız rahatlama vasitəsi deyil, eyni zamanda sağlamlıq üçün faydalı üsul ola bilər. Son araşdırmalar göstərir ki, müəyyən temperaturda suya uzunmüddətli dalma arterial təzyiqin azalmasına kömək edə bilər. Alimlər bu üsulu “passiv istilik terapiyası” kimi qiymətləndirirlər.
Tədqiqatın nəticələri “Journal of Applied Physiology” elmi jurnalında dərc olunub. Araşdırmada isti suya dalmanın qədim Roma hamamları, Yapon onsenləri və türk hamamlarında əsrlərdir tətbiq edilən istilik prosedurlarına bənzər təsir göstərdiyi vurğulanır.
Təzyiqin azalması üçün optimal temperatur
Mütəxəssislərin fikrincə, suyun temperaturu 39–40°C olduqda orqanizmə daha güclü təsir göstərir və bu rejim arterial təzyiqin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Halbuki, adi məişət vannalarında suyun temperaturu adətən 33–37°C arasında dəyişir.
Bununla belə, 40°C-dən yuxarı temperatur təhlükəli hesab olunur. Həddindən artıq isti su orqanizmin həddindən artıq qızmasına, başgicəllənməyə və halsızlığa səbəb ola bilər. Buna görə də mütəxəssislər təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər.
İsti suya dalmanı təhlükəsiz etmək üçün aşağıdakı məqamlar vacibdir:
- vannadan tədricən çıxmaq;
- ayağa qalxmadan əvvəl bir müddət oturaq vəziyyətdə dincəlmək;
- kifayət qədər maye qəbul etmək;
- əlləri və ayaqları suyun üzərində saxlamaqla bədənin qızmasını tənzimləmək.
Araşdırmaya əsasən, gündəlik həyatda bu üsuldan istifadə etmək istəyənlər 39–40°C temperaturda suya təxminən 30 dəqiqə müddətində dalmağı seçə bilərlər. Bununla yanaşı, hipertoniya və ürək-damar xəstəlikləri olan şəxslərin bu cür proseduru həkim məsləhəti olmadan tətbiq etməsi tövsiyə edilmir.





