Azərbaycan ilə İran arasında ticarət əlaqələri son illərdə sabit qalsa da, statistik göstəricilər struktur baxımından fərqli mənzərə ortaya qoyur. 2025-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 644 milyon dollar olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 647 milyon dollar təşkil etmişdi. Lakin əsas diqqətçəkən məqam odur ki, dövriyyənin böyük hissəsi İrandan idxalın payına düşür.
2025-ci ildə:
- Ümumi ticarət dövriyyəsi: 644 milyon dollar
- İrandan idxal: 624 milyon dollar
- Azərbaycanın İrana ixracı: 20 milyon dollar
- Mənfi saldo: 604 milyon dollar
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın İrana ixrac payı cəmi 3 faiz təşkil edir. Onun sözlərinə görə, “İranla ticarətdə texniki çətinliklər yaransa belə, bu, Azərbaycanın ixracına ciddi təsir göstərməyəcək. Çünki ümumi ixracımızda İranın payı çox aşağıdır”.
İdxalın əsas istiqamətləri
Statistik məlumatlara əsasən, İrandan Azərbaycana həm ərzaq, həm də sənaye və tikinti məhsulları gətirilir.
2025-ci ildə idxal olunan əsas ərzaq məhsulları:
- Portağal – 14,3 milyon dollar
- Kartof – 13,6 milyon dollar
- Qida üçün yararlı duz – 11,8 milyon dollar
- Badımcan – 9,4 milyon dollar
- Peçenye – 8,8 milyon dollar
- Kərə yağı – 8,7 milyon dollar
- Bibər – 8,3 milyon dollar
- Xurma – 6,4 milyon dollar
- Soğan – 6,1 milyon dollar
- Yerkökü – 5,7 milyon dollar
- Kələm – 4,5 milyon dollar
- Pendir – 4,1 milyon dollar
- Kivi – 3,1 milyon dollar
Əsas sənaye və tikinti məhsulları:
- Azot – 84,8 milyon dollar
- Arqon – 48,7 milyon dollar
- Mərmər qırıntıları və tozu – 20,1 milyon dollar
- Tikinti daşları – 18,9 milyon dollar
- Təbii barium sulfatı – 12,5 milyon dollar
- Ağ portlandsement – 9,7 milyon dollar
- Hipoxloritlər – 6,9 milyon dollar
- Dinatrium karbonat – 5,8 milyon dollar
Göründüyü kimi, idxalın əsas yükü sənaye və tikinti məhsullarının payına düşür. Ərzaq məhsulları isə daha aşağı məbləğlərlə ifadə olunur.
Vüqar Bayramovun sözlərinə görə, əgər İranın ixrac imkanları uzun müddət məhdudlaşarsa, bəzi məhsulların təchizatında qısamüddətli çətinliklər yarana bilər. Lakin bu, ümumi bazar sabitliyini ciddi şəkildə pozmayacaq.
Deputat vurğulayıb ki:
- Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində İranın payı 1,3 faizdir
- İllik idxalımızın 2,6 faizi İranın hesabına formalaşır
Onun fikrincə, əsas məsələ idxal bazarlarının şaxələndirilməsidir: “Xüsusilə ərzaq məhsulları üzrə alternativ bazarların operativ şəkildə tapılması vacibdir. Regionda baş verən hadisələr fonunda idxaldan asılılığın minimumlaşdırılması prioritet olmalıdır”.
Beləliklə, İrandan idxalda mümkün azalma müəyyən məhsul qruplarında təzyiq yarada bilsə də, genişmiqyaslı bahalaşma riski yüksək qiymətləndirilmir. Əsas faktor alternativ təchizat kanallarının vaxtında aktivləşdirilməsidir.





