Azərbaycanda təhsil sistemində süni intellektlə bağlı yeni proqram və ixtisasların tətbiqi nəzərdə tutulur.
Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində çıxışı zamanı məlumat verib.
Nazir müavini bildirib ki, müasir dövrdə əsas prioritet innovativ düşüncə və texnologiyaya əsaslanan layihələrdir. Onun sözlərinə görə, artıq məzunların əsas məqsədi yalnız iş tapmaq deyil, yeni iş yerləri yaratmaq olmalıdır: “Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir”.
Süni intellekt gələcəyin əsas istiqamətidir
Firudin Qurbanov qeyd edib ki, inkişaf etmiş ölkələr innovasiya cəmiyyətini formalaşdırmaqla texnoloji inkişafın beşinci mərhələsinə yüksəliblər. Altıncı mərhələnin isə 2035–2045-ci illəri əhatə edəcəyi proqnozlaşdırılır.
“Həmin dövrdə hansı yeniliklərin baş verəcəyini dəqiq demək çətindir. Lakin ABŞ, Çin və Cənubi Koreya artıq bu sistemə yaxınlaşıblar və proses əsasən süni intellekt üzərində qurulub”, – deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, hazırda dünyada 4 milyondan çox robot fəaliyyət göstərir və bu sahədə liderlik Cənubi Koreyaya məxsusdur. Qlobal miqyasda sürətli transformasiya fonunda süni intellekt texnologiyalarının rolu daha da artır.
“Süni intellekt insanlara doğru istiqaməti göstərən vasitədir. Ancaq düzgün nəticə əldə etmək üçün düzgün sual vermək vacibdir. Çünki düzgün sual düzgün cavabın əsasını təşkil edir”, – deyə Firudin Qurbanov əlavə edib.
O, gələcəkdə ali və orta ixtisas təhsili müəssisələrində süni intellekt üzrə xüsusi proqramların və yeni ixtisasların yer alacağını diqqətə çatdırıb.





