EvMədəniyyətXIX əsrin “Terminatoru”: ABŞ-da dünyanın ilk robotlu filmi tapıldı

XIX əsrin “Terminatoru”: ABŞ-da dünyanın ilk robotlu filmi tapıldı

ABŞ-da demək olar ki, 130 il ərzində itmiş sayılan unikal kino tapıntısı üzə çıxıb. Birləşmiş Ştatların Konqres Kitabxanası 1897-ci ildə çəkilmiş və robot obrazının ilk dəfə ekranda göründüyü hesab olunan səssiz filmi bərpa edərək ictimaiyyətə təqdim edib.

Söhbət fransız kino dahisi Jorj Melyesin “Quguss və avtomat” adlı qısametrajlı işindən gedir. Əsər uzun illərdir yoxa çıxmış sayılırdı və yalnız ötən il təsadüf nəticəsində tapılaraq mütəxəssislərin əlinə keçib.

Konqres Kitabxanası: “Robotun ilk ekranlaşdırılmasıdır”

Kitabxananın mütəxəssisləri bildiriblər ki, bu kadrlar kino tarixində mexaniki varlığın ilk dəfə hərəkətdə təsvir olunması kimi mühüm mərhələdir.

Maraqlıdır ki, “robot” sözü həmin dövrdə mövcud deyildi — termin 1921-ci ildə çex yazıçısı Karel Çapek tərəfindən “R.U.R.” pyesində istifadə olunmuşdu. Lakin Melyesin filmi insanların mexanikləşmiş varlıqlara marağının hələ XIX əsrin sonunda da canlı olduğunu sübut edir.

Melyes dünya kinematoqrafiyasının qurucularından biri sayılır və ilk kino effektlərinin yaradıcısı kimi tarixə düşüb. O, səhnə illüziyalarını kamera ilə birləşdirərək müasir kinematoqrafiyanın təməlini qoyan texnikaları yaradıb:

  • ikiqat ekspozisiya,
  • kadr üst-üstə bindirmə,
  • əl ilə rəngləmə,
  • mat çəkilişlər və süni səhnə quruluşları.

Bu yeniliklər elə bir dövrdə ortaya çıxdı ki, Melyes 1896-cı ildə Parisdə çəkiliş zamanı kamerasının ilişməsi nəticəsində avtobusun kadrda qəfildən dəfn maşınına “çevrilməsini” gördü. Bu təsadüf onun kinematoqrafik illüziyalar yaratmaq istiqamətində gərgin araşdırmalarına təkan oldu.

XIX əsrin “Terminatoru”: ABŞ-da dünyanın ilk robotlu filmi tapıldı

Filmin tapılma tarixçəsi və süjeti

“Quguss və avtomat” illər boyu itmiş hesab edilsə də, ötən ilin sentyabrında Miçiqan ştatından kolleksiyaçı Bill Makfarland bu filmi Konqres Kitabxanasına təqdim edib. O, əlindəki lentin əslində kino tarixinin nadir incisi olduğunu bilmirmiş.

Məlum olub ki, Makfarlandın ulu babası XIX əsrin sonlarında ilk film proyektorlarından birini almış və müxtəlif qısa filmləri kolleksiya etmişdi.

Filmin süjeti bir dəqiqədən də qısadır: Quguss adlı kloun tamaşaçılara uşaq formasında “avtomat” göstərir, mexaniki varlıq böyüyərək insan ölçüsünə çatır və qəfil klouna hücum edir. Quguss isə çəkiclə başına vurarq onu kiçildib tamamilə yox edir.

Bu sadə səhnə həm dövrün texniki təsəvvürlərini, həm də fantaziya kinosunun ilkin addımlarını göstərən mühüm nümunədir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər