Texnologiya sahəsində diqqətçəkən yeniliklərdən biri OpenAI tərəfindən təqdim olunan yeni süni intellekt modeli – GPT-Rosalind-dir. Şirkət bu dəfə ümumi təyinatlı sistemlərdən fərqli olaraq daha spesifik sahəyə fokuslanaraq biologiya elmləri üçün nəzərdə tutulmuş model hazırlayıb.
Yeni yanaşma böyük texnologiya şirkətləri üçün qeyri-adi hesab olunur. Adətən belə qurumlar geniş istifadə üçün universal modellər yaratsa da, GPT-Rosalind konkret olaraq elmi tədqiqatlara dəstək məqsədi daşıyır və xüsusilə biotexnologiya, genetika və farmakologiya sahələrinə yönəlib.
Biologiyada mürəkkəb problemlərə həll
Modelin hazırlanmasının əsas səbəblərindən biri müasir biologiyada yaranmış iki böyük çətinlikdir. Birincisi – genetik və zülal tədqiqatları nəticəsində yaranmış nəhəng məlumat bazalarıdır. İkincisi isə müxtəlif elmi sahələrin bir-birindən ayrılması və terminoloji fərqlər səbəbindən əməkdaşlığın çətinləşməsidir.
GPT-Rosalind bu problemləri aradan qaldırmaq üçün onlarla fundamental bioloji alqoritm əsasında öyrədilib və aparıcı elmi verilənlər bazaları ilə inteqrasiya olunub. Bu xüsusiyyətlər sayəsində model yalnız sadə cavablar verməklə kifayətlənmir, həm də:
- hüceyrə səviyyəsində baş verən proseslər üzrə ehtimallar irəli sürür
- dərman preparatları üçün potensial hədəfləri müəyyənləşdirməyə kömək edir
- çoxqatlı və kompleks bioloji məsələləri analiz edə bilir
Bundan əlavə, sistemin “kritik düşünmə” qabiliyyətinə xüsusi diqqət yetirilib. Tərtibatçılar bildirirlər ki, model qeyri-dəqiq və riskli nəticələr verməmək üçün daha ehtiyatlı yanaşma tətbiq edir. Bu isə elmi sahədə, xüsusilə səhvlərin ciddi nəticələrə səbəb ola biləcəyi vəziyyətlərdə olduqca vacibdir.
Məhdud giriş və təhlükəsizlik məsələləri
Bütün potensialına baxmayaraq, OpenAI bu modeli geniş ictimaiyyət üçün əlçatan etməyib. Şirkət bu qərarı biotəhlükəsizlik riskləri ilə əsaslandırır. Belə ki, bu tip alətlər nəzəri olaraq təhlükəli tədqiqatlarda da istifadə oluna bilər.
Hazırda GPT-Rosalind yalnız seçilmiş və yoxlanılmış təşkilatlar üçün açıqdır, əsasən də ABŞ-da fəaliyyət göstərən elmi qurumlar üçün. Gələcəkdə isə daha sadələşdirilmiş versiyanın tədqiqatçılar üçün xüsusi plaqin şəklində təqdim olunması planlaşdırılır.
Ekspertlər hesab edir ki, bu model süni intellektin inkişafında yeni mərhələnin başlanğıcıdır. Universal sistemlərdən fərqli olaraq, dar ixtisaslaşmış AI həlləri elmi kəşfləri sürətləndirə bilər. Eyni zamanda, belə texnologiyaların istifadəsi ilə bağlı nəzarət və təhlükəsizlik məsələləri daha da актуallaşır.





