“Game of Thrones” kainatında Con Snou obrazına həsr olunacaq serial hələ də tam ləğv edilməyib, lakin layihənin taleyi qeyri-müəyyən olaraq qalır. Baş rolu canlandıran Kit Harinqton açıqlayıb ki, HBO bu ideyadan tam imtina etməyib, amma yaradıcı heyət hələ də obrazın geri dönüşünü əsaslandıracaq güclü süjet tapa bilməyib.
2019-cu ildə əsas serialın finalından sonra HBO franşizanı genişləndirməyə davam edir. Artıq “House of the Dragon” ekranlara çıxıb, 2026-cı ildə isə “A Knight of the Seven Kingdoms” layihəsi start götürüb. Bu fonunda hələ 2022-ci ildə Con Snou haqqında ayrıca serialın çəkiləcəyi xəbəri yayılmışdı. Lakin 2024-cü ildə Harinqton layihənin aktiv inkişaf mərhələsində olmadığını bildirmişdi.
Əsas problem – uyğun hekayənin olmaması
Motor City Comic Con tədbirində çıxış edən aktyor layihənin tam bağlanmadığını, sadəcə düzgün hekayə tapılmadığı üçün irəliləmədiyini deyib. Onun sözlərinə görə, sadəcə fanatların istəyi ilə obrazı geri qaytarmaq düzgün olmazdı:
“Yalnız geri dönmək xatirinə bu rola qayıtmaq istəmirəm. Con Snounun hekayəsi artıq məntiqli şəkildə tamamlanıb. Əgər yeni serial olacaqsa, bunun güclü səbəbi olmalıdır”.
Harinqton qeyd edib ki, onu maraqlandıran əsas ideya obrazı daha dərindən araşdırmaq və onu böyük ansamblın bir hissəsi kimi deyil, müstəqil qəhrəman kimi təqdim etmək idi.
Yeni konsept və psixoloji yanaşma
The Hollywood Reporter-a müsahibəsində yazıçı Corc R.R. Martin layihə ilə bağlı maraqlı detallar açıqlayıb. Məlum olub ki, Harinqton bu serial üzərində iki ssenaristlə birlikdə işləyib və layihəyə fərqli yanaşma təqdim etməyə çalışıb.
Planlaşdırılan süjetə görə, Con Snou keçmişindən uzaqlaşmağa çalışan, tənhalıq və travma ilə mübarizə aparan bir insan kimi təsvir olunacaqdı. Hətta ideyaya əsasən, o, öz məşhur atributlarından – “Longclaw” qılıncından və sadiq canavarı Ghost-dan imtina edəcəkdi. Bu isə personajın tamamilə yeni psixoloji portretini yaratmaq məqsədi daşıyırdı.
Bununla belə, layihə hələ də “dondurulmuş” vəziyyətdə qalır. HBO rəhbəri Keysi Bloys daha əvvəl qeyd edib: “Bəlkə də biz bu ideyaya yenidən qayıdacağıq”.
Hazırda spin-off nə tam bağlanıb, nə də aktiv istehsal mərhələsindədir. Ekspertlərin fikrincə, layihənin gələcəyi yalnız bir amildən asılıdır – yaradıcı komandanın tamaşaçını cəlb edəcək güclü və əsaslandırılmış süjet təqdim edə bilməsindən.





