Bu gündən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı fəaliyyətə başlayıb. Beş gün davam edəcək festival 22-26 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının parkında keçirilir və türk dünyasının müxtəlif ölkələrindən alimləri, yazıçıları, şairləri və nəşriyyat nümayəndələrini bir araya gətirir.
Festival proqramına şeir saatları, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, yubiley tədbirləri və konsert proqramları daxildir. Tədbirin hər günü ayrıca ölkələrə və mövzulara həsr olunub. İlk gün Azərbaycan və Türkiyə, növbəti günlərdə isə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasına aid proqramlar təqdim ediləcək.
Raziyə Kamilqızının yeni kitabları oxuculara təqdim olundu
Festival çərçivəsində şairə-publisist Raziyə Kamilqızının yeni kitablarının təqdimat mərasimi də keçirilib. 36 kitab müəllifi olan yazıçının yaradıcılığında əsas mövzulardan biri vətənpərvərlik və şəhidlərin xatirəsidir.
Müəllifin təqdim olunan nəşrlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş minlərlə şəhidin həyat yolu və onlara ithaf olunan şeirlər yer alıb. Təqdimatda “Unudulmayan sətirlər”, “Vətənə yazılan ömür”, “Dastana sığmayan ömür”, “Zəfər qəhrəmanları”, “Qarabağa gedən yol”, “Solan günəşim” və “Qələbə müjdəli vətən” kitabları oxuculara nümayiş etdirilib.
Festival iştirakçıları müəllifin əsərlərində milli-mənəvi dəyərlərin və vətən sevgisinin xüsusi yer tutduğunu vurğulayıblar.

Festival müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunur. Tədbirin əsas məqsədi türk xalqları arasında ədəbi və mədəni əlaqələri gücləndirmək, yeni müəllifləri tanıtmaq və ortaq dəyərləri təşviq etməkdir.
Festival günlərində müxtəlif nəşriyyatların yeni kitabları və əl işləri də ziyarətçilərə təqdim olunur.





