ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı ilk oyun günündə azarkeşlərə həm gərgin mübarizə, həm də dramatik nəticələr təqdim edib. A qrupunda keçirilən ilk iki qarşılaşmadan sonra Meksika və Cənubi Koreya turnirə qələbə ilə başlayaraq liderliyə yüksəlib.
Açılış matçında üç qırmızı vərəqə və Meksikanın qələbəsi
Mexiko şəhərindəki əfsanəvi “Azteca” stadionunda keçirilən turnirin açılış görüşündə meydan sahibləri Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub edib.
Meksika yığmasının qollarını Xulian Kinyones və Raul Ximenez vurublar. Hər iki futbolçu dünya çempionatları tarixində ilk qollarını məhz bu oyunda qeyd ediblər.
Qarşılaşma yalnız qollarla deyil, həm də intizam pozuntuları ilə yadda qalıb. Baş hakim matç ərzində üç qırmızı vərəqə göstərib. Cənubi Afrika yığması oyunu doqquz nəfərlə başa vurub.
DÇ-2026, A qrupu, I tur
Meksika – Cənubi Afrika Respublikası – 2:0
Qollar: Kinyones, 9; Raul Ximenez, 67
Qırmızı vərəqələr: Montes, 90+2 (Meksika) – Sitole, 49; Zvane, 84 (CAR)
Cənubi Koreya möhtəşəm geridönüşlə qalib gəldi

Qrupun digər oyununda Cənubi Koreya və Çexiya yığmaları Qvadalaxaradakı “Akron” stadionunda üz-üzə gəlib. Oyunun böyük hissəsində üstün tərəf olan koreyalılar hesabda geri düşsələr də, əzmkarlıq nümayiş etdirərək 2:1 hesablı qələbə qazanıblar.
Çexiya 59-cu dəqiqədə Kreyçinin qolu ilə önə keçsə də, İn-Bom Hvan 67-ci dəqiqədə tarazlığı bərpa edib. Matçın taleyini isə sonradan oyuna daxil olan Hyon-Gyu O həll edib. O, 80-ci dəqiqədə vurduğu qolla komandasına üç xal qazandırıb.
Beləliklə, ilk turun ardından Meksika və Cənubi Koreya qələbə qazanaraq A qrupunda üstün mövqeyə sahib olublar. Növbəti turda Meksika ilə Cənubi Koreya liderlik uğrunda qarşılaşacaq, Çexiya isə Cənubi Afrika Respublikası ilə ilk xal və ya xallarını qazanmağa çalışacaq.
DÇ-2026, A qrupu, I tur
Cənubi Koreya – Çexiya – 2:1
Qollar: İn-Bom Hvan, 67; Hyon-Gyu O, 80 – Kreyçi, 59
Sarı vərəqə: Ki-Hyok Li, 90+6






