EvİqtisadiyyatKənd təsərrüfatında yeni mərhələ: Azərbaycan intensiv inkişaf modelinə keçir

Kənd təsərrüfatında yeni mərhələ: Azərbaycan intensiv inkişaf modelinə keçir

Azərbaycanın aqrar sektorunda məhsuldarlığın artırılması və daha səmərəli idarəetmənin təmin olunması məqsədilə yeni inkişaf mərhələsinə start verilir. Qarşıdakı illərdə kənd təsərrüfatında əsas prioritetlərdən biri intensiv inkişaf modelinin tətbiqi olacaq.

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb.

Kənd təsərrüfatında yeni mərhələ: Azərbaycan intensiv inkişaf modelinə keçir

Vahid Hacıyev bildirib ki, son illərdə kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılıb. Dövlət dəstəyi mexanizmləri genişləndirilib, istifadə olunmayan torpaqlar yenidən dövriyyəyə qaytarılıb, ölkənin müxtəlif bölgələrində aqroparklar yaradılıb və subsidiya sistemi təkmilləşdirilib.

Onun sözlərinə görə, görülən işlər bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə imkan versə də, mövcud potensial hələ tam reallaşdırılmayıb. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında aqrar sahənin daha yüksək nəticələr göstərmək imkanına malik olduğunu vurğulayıb.

Əsas məqsəd məhsuldarlığı artırmaqdır

Xüsusi nümayəndə qeyd edib ki, yeni Dövlət Proqramı Prezident Administrasiyası və Nazirlər Kabinetinin iştirakı ilə hazırlanıb. Sənədin əsas məqsədi əkin sahələrinin genişləndirilməsi deyil, hər hektardan daha yüksək məhsul əldə edilməsidir.

V.Hacıyev vurğulayıb: “Məqsəd daha çox torpaq istifadə etmək deyil, mövcud resurslardan maksimum səmərə əldə etməkdir. Qarşıdakı dövrdə kənd təsərrüfatında intensiv və effektiv inkişaf modelinə keçid təmin olunacaq”.

Yeni proqram çərçivəsində innovativ texnologiyaların tətbiqi, müasir suvarma sistemlərinin genişləndirilməsi və emal sənayesinin inkişafı da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər