Azərbaycanda innovasiya ekosisteminin inkişafına yönəlmiş növbəti təşəbbüs uğurla yekunlaşıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Openwave” Açıq İnnovasiya Hakatonu gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının inkişafına, eləcə də dövlət sektoru ilə innovativ komandalar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verib.
Layihə çərçivəsində iştirakçılar dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirə biləcək ideyalar və texnoloji həllər üzərində çalışıblar. Hakaton həm də dövlət qurumlarının qarşılaşdığı real problemlərin innovativ yanaşmalarla həllinə imkan yaratmağı hədəfləyib.
İştirakçılar idarəetmə üçün yeni həllər təqdim etdilər
Seçilmiş 15 komanda Nərimanov rayonunda idarəetmənin daha səmərəli təşkili məqsədilə müxtəlif rəqəmsal məhsullar və prototiplər hazırlayıb. Təqdim olunan layihələr arasında vətəndaş müraciətlərinin daha operativ emalı, ərazi idarəetməsində hesabatlılığın rəqəmsallaşdırılması və infrastruktur problemlərinin avtomatik qeydiyyatı kimi istiqamətlər üstünlük təşkil edib.
Komandalar hazırladıqları həlləri ekspertlərdən ibarət münsiflər heyətinə təqdim etdikdən sonra qaliblər müəyyənləşdirilib. Ümumi mükafat fondu 10 min manat təşkil edib:
• I yer – “Digi Solution” komandası (5000 AZN)
• II yer – “ExaMinds” komandası (3000 AZN)
• III yer – “Conflict” komandası (2000 AZN)
Layihələr ideyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi kimi meyarlar əsasında dəyərləndirilib. Son illər Azərbaycanda dövlət-startap əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər innovasiya mühitinin güclənməsinə və rəqəmsal həllərin tətbiqinin sürətlənməsinə şərait yaradır.






