Azərbaycanda iyunun 29-dan iyulun 3-dək Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkil olunacaq. Elmi, mədəni və maarifləndirici tədbirləri özündə birləşdirəcək proqram türk xalqlarının ortaq irsinin öyrənilməsi, türkologiya sahəsində əməkdaşlığın genişləndirilməsi və beynəlxalq elmi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
Tədbirlər silsiləsi Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq reallaşdırılacaq. Həftə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, eləcə də bir sıra beynəlxalq türk qurumlarının tərəfdaşlığı ilə keçiriləcək.
Qeyd edək ki, Birinci Türkoloji Qurultay 1926-cı ildə Bakıda keçirilib və türk xalqlarının dili, tarixi, əlifbası və mədəni irsinin araşdırılması baxımından mühüm hadisə hesab olunur. Qurultay türkologiya elminin inkişafında yeni mərhələnin əsasını qoyub və müxtəlif ölkələrdən alimləri bir araya gətirib.
Tədbirin proqramı:
29 iyun – Heydər Əliyev Mərkəzində “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin açılış mərasimi keçiriləcək. Tədbirdə 20 ölkədən 80-dən çox türkoloq alim və beynəlxalq təşkilat nümayəndəsinin iştirakı gözlənilir. Həmçinin interaktiv sərgi və qurultaya həsr olunmuş qısametrajlı film təqdim ediləcək.
30 iyun – Türk tarixinin müxtəlif istiqamətlərinə həsr olunmuş panel müzakirələri təşkil ediləcək. Axşam saatlarında isə Dənizkənarı Milli Parkda konsert proqramı keçiriləcək.
1 iyul – Konqres iştirakçıları Ağdam, Şuşa və Xankəndini əhatə edən Qarabağ səfərinə qatılacaq, regionun tarixi və mədəni irsi ilə tanış olacaqlar.
2 iyul – Qarabağ Universitetində türkologiyanın gələcək inkişaf perspektivlərinə həsr olunan panel sessiyalar baş tutacaq. Həmin gün Milli Azərbaycan Tarixi Muzeyində yubiley sərgisi, Milli Kitabxanada isə Türk Dünyası Milli Kitabxanaları Birliyinin konfransı və yeni nəşrlərin təqdimatı keçiriləcək.
3 iyul – Azərbaycan Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadəyə həsr olunmuş seminar və sərgi təşkil ediləcək. “Türk Dünyası Həftəsi”nin bağlanış mərasimi Nizami Kino Mərkəzində film nümayişi ilə yekunlaşacaq.
Təşkilatçılar hesab edirlər ki, “Türk Dünyası Həftəsi” ortaq türk mədəniyyətinin təbliği, türkologiya sahəsində yeni elmi əməkdaşlıqların qurulması və türk dünyası arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq





