WhatsApp uzun müddətdir gözlənilən @username funksiyasını istifadəyə verməyə hazırlaşır. Yenilik sayəsində istifadəçilər yeni insanlarla telefon nömrəsini paylaşmadan ünsiyyət qura biləcəklər. Bununla belə, kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, istifadəçi adı düzgün seçilməzsə, bu yenilik məxfiliyin qorunması əvəzinə əks təsir göstərə bilər.
Malwarebytes portalının diqqət çəkdiyi məqama görə, bir çox istifadəçi WhatsApp-da da Instagram və ya Facebook hesablarında istifadə etdiyi eyni istifadəçi adını seçmək istəyəcək. Lakin bu yanaşma şəxsi məlumatların qorunması baxımından əlavə risklər yarada bilər.
Eyni istifadəçi adı niyə təhlükəlidir?
Əgər WhatsApp hesabınızı Meta-nın Accounts Center xidməti ilə əlaqələndirsəniz və digər Meta platformalarında istifadə etdiyiniz eyni username-i seçsəniz, müxtəlif hesablarınızı bir-biri ilə əlaqələndirmək xeyli asanlaşacaq.
Bu isə aşağıdakı riskləri artırır:
- rəqəmsal fəaliyyətinizin izlənilməsi
- müxtəlif sosial şəbəkələrdəki hesablarınızın eyni şəxsə aid olduğunun müəyyən edilməsi
- şəxsi məlumatlarınızın daha asan toplanması
- spam mesajları və fişinq hücumları ilə qarşılaşma ehtimalının yüksəlməsi
- fırıldaqçıların sizin adınızdan saxta hesab yaratmasının asanlaşması
Mütəxəssislər buna görə WhatsApp üçün digər sosial şəbəkələrdə istifadə etdiyiniz addan fərqli, tamamilə yeni istifadəçi adı seçməyi tövsiyə edirlər.
Bundan əlavə, istifadəçi adında əsl ad, soyad, doğum tarixi və ya sizi asanlıqla tanıda biləcək digər məlumatlardan istifadə edilməməsi məsləhət görülür. İstifadəçi adınız nə qədər anonim olarsa, hesabınızın spam, dələduzluq və şəxsiyyət oğurluğu cəhdlərinə məruz qalma ehtimalı da bir o qədər azalacaq.
Yeni funksiyadan necə istifadə etmək olar?
Ekspertlər qeyd edirlər ki, bütün risklərə baxmayaraq, @username funksiyası WhatsApp-da məxfiliyin artırılması istiqamətində mühüm addımdır. Əsas üstünlük ondan ibarətdir ki, yeni insanlarla yazışmağa başlayarkən telefon nömrənizi paylaşmağa ehtiyac qalmayacaq. Bununla belə, təhlükəsizlik səviyyəsi böyük ölçüdə istifadəçinin seçdiyi username-dən asılı olacaq.
Meta funksiyanı yaxın aylarda bütün istifadəçilər üçün mərhələli şəkildə istifadəyə verəcək. Hazırda isə uyğun gələn istifadəçilər öz unikal istifadəçi adlarını əvvəlcədən rezerv edə bilirlər.
Bunun üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
- WhatsApp tətbiqini son versiyaya yeniləmək
- Ayarlar (Settings) bölməsinə daxil olmaq
- Hesab (Account) menyusunu açmaq
- İstifadəçi adı (Username) bölməsində unikal ad seçmək

Funksiya aktivləşdirildikdən sonra yeni söhbətlərə başlayarkən əsas identifikator kimi telefon nömrəsi deyil, məhz seçdiyiniz istifadəçi adı görünəcək.
Bundan əvvəl WhatsApp daha bir təhlükəsizlik yeniliyi təqdim etmişdi. Yeni imkan istifadəçilərə xüsusi vacib söhbətləri əlavə parol ilə qorumağa şərait yaradır. Bu funksiya telefon kənar şəxslərin əlinə keçəcəyi halda belə məxfi yazışmaların əlavə təhlükəsizlik qatına malik olmasını təmin edir.





