Bakı şəhərinin Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum edən şəxslə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmünə əsasən, 2002-ci il təvəllüdlü Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxs hadisə zamanı özü ilə gətirdiyi mətbəx bıçağından istifadə edərək Elşad Vəliyevə qarın və sağ ayaq nahiyəsindən bir neçə zərbə endirib. Bundan əlavə, o, zərərçəkmişə yumruqla da xəsarət yetirib. Nəticədə bələdiyyə sədri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən əvvəl aralarında münaqişə yaranıb
Məhkəmə araşdırması zamanı məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz şəkildə qaraja daxil olaraq bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Buna baxmayaraq, Elşad Vəliyev onu bağışlayıb, lakin işdən uzaqlaşdırıb.
İstintaqın müəyyən etdiyi məlumata görə, işdən çıxarıldıqdan sonra Ramin Hüseynzadə qisas almaq qərarına gəlib və təxminən bir ay ərzində müxtəlif vaxtlarda Elşad Vəliyevin yaşadığı ünvanın yaxınlığında onu izləyib. Daha sonra qarşılaşdıqları zaman “Gör, səni indi necə öldürürəm, məhv edirəm” sözlərini deyərək bıçaqlı hücum həyata keçirib.
Məhkəmə hökmü açıqlanıb
Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qismən qəbul edib. O bildirib ki, restorandan çıxarıldıqdan sonra psixoloji gərginlik yaşayıb, yuxu problemləri olub və kiminsə onu izlədiyini düşündüyünü deyib. Onun sözlərinə görə, Elşad Vəliyevin yaşadığı əraziyə məsələni aydınlaşdırmaq məqsədilə gedib, tərəflər arasında mübahisə yaranıb və bu zaman bıçaqdan istifadə edib.
Məhkəmə Ramin Hüseynzadəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilərək ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.





