Nazirlər Kabineti “Ərzaq Təhlükəsizliyi Xəritəsi” informasiya sistemi haqqında Əsasnaməni təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Yeni sənəd informasiya sisteminin yaradılması, idarə olunması və inkişafı ilə bağlı hüquqi çərçivəni müəyyənləşdirir.
Qərara əsasən, informasiya sisteminin formalaşdırılması, tətbiqi, təşkili və gələcək inkişafı üzrə əsas məsuliyyət İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Sənədə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti dövlət informasiya sistemləri ilə bağlı mövcud qaydaların tələblərinə uyğun zəruri tədbirlər həyata keçirəcək.
Bundan başqa, aşağıdakı qurumlar da qərarın icrasında iştirak edəcəklər:
- Kənd Təsərrüfatı Nazirliyi
- Fövqəladə Hallar Nazirliyi
- Dövlət Statistika Komitəsi
- Dövlət Gömrük Komitəsi
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
- Dövlət Ehtiyatları Agentliyi
Əsasnaməyə əsasən, bu qurumlar informasiya sisteminin fəaliyyətinin təmin olunması və məlumat mübadiləsinin təşkili istiqamətində üzərlərinə düşən öhdəlikləri yerinə yetirəcəklər.
Həmçinin qərarda qeyd olunur ki, Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Ərzaq Təhlükəsizliyi Xəritəsi”nə inteqrasiyası üçün altı ay müddətində zəruri tədbirlər görülməlidir.
Yeni informasiya sisteminin ərzaq təhlükəsizliyi sahəsində məlumatların vahid platformada toplanmasına, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və qərar qəbuletmə prosesinin daha səmərəli təşkilinə xidmət edəcəyi gözlənilir.





