Britaniyalı müğənni Loren Bennett 37 yaşında dünyasını dəyişib. O, məşhur G.R.L. qrupunun üzvü və LMFAO-nun bütün dünyada böyük uğur qazanan “Party Rock Anthem” mahnısında qonaq vokalçı kimi iştirakı ilə tanınırdı. Müğənninin vəfatı qrupun rəsmi sosial media hesabında yayımlanan bəyanatla təsdiqlənib. Ölüm səbəbi isə hələlik ictimaiyyətə açıqlanmayıb.
Qrup üzvləri Loren Bennettin vəfatı ilə bağlı emosional paylaşım ediblər:
“Böyük kədərlə sevimli Lorenimizin vəfat etdiyini bildiririk. Ürəyimiz qırılıb.”
Paylaşımda onun mehribanlığı, pozitiv enerjisi və sənətə verdiyi töhfələrin hər zaman xatırlanacağı vurğulanıb. Qrup üzvləri Bennettin xatirəsinin musiqi dünyasında və pərəstişkarlarının qəlbində yaşayacağını bildiriblər.
Musiqi karyerası dünya hitləri ilə yadda qaldı
Kent qraflığında anadan olan Loren Bennett musiqi karyerasına gənc yaşlarında başlayıb. O, əvvəlcə The X Factor müsabiqəsində iştirak edib, daha sonra Paradiso Girls qrupuna qoşularaq Los-Ancelesə köçüb. Qrupun 2009-cu ildə Lil Jon və Eve ilə birlikdə təqdim etdiyi “Patron Tequila” mahnısı ABŞ-ın rəqs musiqisi reytinqində ilk üçlüyə yüksəlmişdi.
Müğənniyə beynəlxalq şöhrəti isə 2011-ci ildə LMFAO-nun “Party Rock Anthem” mahnısında vokal ifa etməsi qazandırdı. Daha sonra o, G.R.L. qrupunun heyətinə daxil oldu və Pitbull ilə səsləndirilən “Wild Wild Love”, eləcə də “Ugly Heart” kimi hit mahnılarla uğur qazandı.
2014-cü ildə qrup üzvü Simone Battle-in vəfatından sonra Bennett psixi sağlamlıq mövzusunda maarifləndirmə kampaniyalarında da fəal iştirak etmiş və “Lighthouse” adlı xatirə mahnısının ərsəyə gəlməsində rol oynamışdı.





