Disney və Pixar studiyalarının uzun müddətdir gözlənilən “Oyuncaqların hekayəsi 5” (Toy Story 5) animasiya filmi dünya kinoteatrlarında növbəti mühüm uğura imza atıb. Premyerasından təxminən bir ay sonra ekran əsərinin qlobal gəlirləri 1 milyard dollar həddini keçərək 1,022 milyard dollara çatıb və film 2026-cı ilin ən çox gəlir əldə edən layihəsinə çevrilib.
Animasiya filminin gəlirlərinin 448 milyon dolları Şimali Amerika bazarından, 573 milyon dolları isə beynəlxalq nümayişlərdən əldə olunub. Bununla Pixar tarixində milyard dollarlıq gəlir həddini keçən altıncı film, “Oyuncaqların hekayəsi” seriyasında isə bu göstəriciyə çatan üçüncü ekran əsəri olub.
Françayzinq tarixinin yeni rekordu gözlənilir
Hazırda “Oyuncaqların hekayəsi 5” 2026-cı ildə 1 milyard dolları keçən üçüncü film olsa da, ümumi gəlir baxımından artıq ilin lideridir. Animasiya filmi “The Super Mario Galaxy Movie” və “Michael” filmlərini geridə qoyaraq zirvəyə yüksəlib.
Ekspertlər hesab edirlər ki, yaxın günlərdə film daha bir rekorda imza atacaq. Hazırda françayzinqin ən gəlirli hissəsi olan 2019-cu il istehsalı “Oyuncaqların hekayəsi 4” dünya üzrə 1,07 milyard dollar gəlir əldə edib və beşinci hissənin bu göstəricini üstələyəcəyi proqnozlaşdırılır.
Filmin süjeti Vudi, Bazz Laytir, Cessi və digər məşhur oyuncaqların yeni texnologiyalarla qarşıdurmasını əks etdirir. Onların əsas rəqibi uşaqların diqqətini özünə cəlb edən Lilypad adlı ağıllı planşetdir. Məhz klassik oyuncaqlarla müasir texnologiyaların qarşıdurması filmin əsas mövzusu kimi təqdim olunur və ailə auditoriyasının böyük marağına səbəb olub.





