Gvineyada futbol matçından sonra baş verən qarışıqlıq nəticəsində onlarla insan həyatını itirib. Agence France-Presse xəbər verir ki, hadisə azarkeşlər arasında toqquşma ilə nəticələnib.
İnsident “Nzerekore” və “Labe” komandaları arasında keçirilən turnirin final matçı zamanı Nzerekore şəhərində baş verib. Mənbənin məlumatına görə, yerli komandanın qapısına şübhəli penalti təyin edilməsi azarkeşlərin narazılığına səbəb olub. Bunun ardından tamaşaçılar meydana daxil olaraq daş atmağa başlayıb, nəticədə toqquşma yaranıb.
Gvineya Baş naziri Amadu Uri Ba sosial mediada insidentlə bağlı açıqlama verib:
“Hökumət, “Labe” və “Nzerekore” komandaları arasında keçirilən futbol matçını qaranlıq günə çevirən insidentə görə dərin təəssüf hissi keçirir. Hadisə nəticəsində itkilər var, regional hakimiyyət orqanları əhalinin sakitliyini bərpa etmək üçün səylər göstərir. Hökumət vəziyyəti yaxından izləyir və xəstəxana xidmətlərinin zərərçəkənlərə ilk tibbi yardımı göstərməsinə mane olmamaq üçün yenidən sakinləri sakitliyə çağırır.”
Hadisədən sonra Nzerekore şəhərində morqlar və xəstəxanalar dolub. Yaralananların sayı yüzə çata bilər. Toqquşmalar stadiondan kənara çıxaraq şəhərin küçələrində də davam edib.