Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Bəzi ölkələrdə bu cür əməliyyatlar geniş yayılmış olsa da, digərlərində bu mövzuya daha ehtiyatla yanaşılır.
Azərbaycanda rəsmi olaraq cinsiyyət dəyişdirmə əməliyyatları həyata keçirilmir. Bu prosedurları keçmək istəyən şəxslər xarici ölkələrdəki klinikalara müraciət edir.
Daylinews-Az xəbər verir ki, modern.az bu mövzuda Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, tibb elmləri doktoru, professor Vaqif Qələndərlidən müsahibə alıb.
Professorun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları qanunla qadağandır.
“Amma bəzi hallarda uşaqlar hermafrodit olaraq doğulur. Belə vəziyyətlərdə genetik analiz aparılır və cinsiyyət orqanı xromosomlara uyğun olaraq formalaşdırılır. Cinsiyyət 12 yaşdan sonra tam müəyyənləşir. Məsələn, uzun müddət qadın olaraq yaşayan, lakin genetik olaraq kişi olduğu təsdiqlənən hallarda xromosomlara əsaslanaraq cinsiyyət korreksiyası aparılır,” – deyə V.Qələndərli bildirib.
V.Qələndərli qeyd edib ki, cinsiyyət dəyişdirmə əməliyyatı üçün müraciət edənlər psixoloqlara yönləndirilir.
“Ölkəmizdə belə əməliyyatlar üçün qanunvericilik bazası mövcud deyil. Buna baxmayaraq, bu cür prosedurlar Türkiyə kimi ölkələrdə qanun çərçivəsində həyata keçirilir. Mən şəxsən Azərbaycanda belə əməliyyatlar aparmamışam, lakin Türkiyədə işlədiyim zaman belə əməliyyatlar psixoloqlardan ibarət qrupun rəyinə əsaslanaraq həyata keçirilirdi. Çünki yalnız şəxsi istək əsasında cinsiyyət dəyişdirmək düzgün deyil,” – professor vurğulayıb.





