Azərbaycan Prezidenti İlham Əliyev Mənzil Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib. Bu yeniliklərə əsasən, dövlət və ya bələdiyyə mənzil fonduna aid yaşayış sahələri müəyyən edilmiş kateqoriyalara aid vətəndaşlara sosial icarə müqaviləsi əsasında veriləcək. Daylinews-Az xəbər verir ki, bu barədə deputat-iqtisadçı Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O bildirib ki, mövcud qanunvericiliyə əsasən, bəzi ailələr və vətəndaşlar dövlət dəstəyi ilə mənzil əldə etmək hüququna malikdir.
“Şəhid ailələri, müharibə veteranları, Çernobıl faciəsinin nəticələrindən əziyyət çəkən şəxslər, həmçinin valideynlərini itirmiş vətəndaşlar sosial mənzil fondundan yararlana biləcəklər. Yeni dəyişikliklər mənzilə ehtiyacı olan ailələrin rəsmi qeydiyyata alınmasını və onların sosial icarə müqaviləsi əsasında mənzillə təmin olunmasını nəzərdə tutur. Bu da dövlət tərəfindən pulsuz mənzillərə çıxışı daha da artıracaq”, – deyə deputat vurğulayıb.
Bundan əlavə, qanuna edilən dəyişikliklərlə Mənzil Məcəlləsinin 48-ci maddəsinə yeni əlavələr təsdiqlənib. Həmin maddə sosial icarə müqaviləsi əsasında verilən mənzilləri əhatə edir. Yeni qaydalara görə, vətəndaşlar dövlət mənzil fonduna aid yaşayış sahəsini almaq üçün yalnız bir dəfə ehtiyacı olan şəxs kimi qeydiyyata alına biləcəklər.





