Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti – güclü yağış və külək – şəhər sakinləri üçün əlavə çətinliklər yaradıb. Yağışlı havanın təsiri ilə taksi xidmətlərinin qiymətlərində ciddi artım qeydə alınıb.
Sakinlərin sözlərinə görə, adətən Əhmədli qəsəbəsindən “Qış parkı”na qədər taksi xidməti 6-7 manat civarında olurdu. Lakin son günlərdə bu marşrut üzrə qiymətlər 14-20 manata qədər yüksəlib.
Eyni vəziyyət digər istiqamətlərdə də müşahidə olunub. Belə ki, “Xalqlar Dostluğu” metro stansiyasından “Qış parkı”na gedən taksilər əvvəllər 8-9 manata sərnişin daşıyırdısa, indi həmin məsafəyə görə ödəniş 15 manata çatıb.
Sürücülər qiymət artımını yağışlı hava səbəbindən artan tələbat və yollardakı sıxlıqla izah edirlər. Qeyd edək ki, bəzi hallarda hava şəraiti nəqliyyat axınında ləngimələrə və ictimai nəqliyyatdan istifadə imkanlarının məhdudlaşmasına səbəb olur, bu da taksiyə tələbatı artırır.





