ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərinin iddialı namizədi Donald Trampın tibbi müayinəsinin nəticələri ictimaiyyətə təqdim olunub. Ağ Evin yaydığı rəsmi məlumata əsasən, 78 yaşlı Trampın sağlamlığı onun ali baş komandan vəzifəsini icra etməsi üçün tam yararlıdır.
Tramp sonuncu dəfə prezident olduğu 2020-ci ildə keçirilmiş tibbi baxışla müqayisədə bu dəfə 9 kiloqram arıqlayıb. Hazırda onun çəkisi 101,6 kiloqramdır, bu da 2020-ci ildəki 110,6 kiloqramdan xeyli azdır. Trampın bədən kütləsi indeksi (BKİ) isə 30,5-dən 28,0-ə düşüb. Əgər əvvəl bu göstərici piylənmə sayılırdısa, indi artıq çəki kateqoriyasına aiddir.
Məruzədə bildirilir ki, Trampa daha öncə hər iki gözündə katarakta əməliyyatı olunub, lakin bu prosedurun vaxtı açıqlanmayıb. Həkimlər bunun yaşlı insanlar üçün adi hal olduğunu qeyd edirlər. Görmənin yaxşılaşdırılması üçün bu cərrahi müdaxilə zamanı bulanıq linza süni linza ilə əvəz olunur.
2024-cü ilin iyul ayında Tramp kolonoskopiya prosedurundan keçib. Yoxlama zamanı onun bağırsaqlarında zərərsiz polip və yaşla bağlı zəiflik göstəricisi olan divertikulyoz aşkar olunub. Bu, adətən simptom verməyən, lakin nadir hallarda iltihabla nəticələnə bilən bir vəziyyətdir.
Tramp eyni zamanda Montreal Koqnitiv Testindən (MoCA) də uğurla keçib. Bu test yaddaş və diqqət də daxil olmaqla beyin funksiyalarını ölçür. Əlavə olaraq depressiya və narahatlıq səviyyəsi üçün aparılan skrininq də normal nəticə verib.
Qanda xolesterin səviyyəsi isə əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. 2018-ci ildə bu rəqəm 223 idi, 2020-də isə 167-ə enmişdi. İndi isə ümumi xolesterin səviyyəsi 140-dır ki, bu da normal həddən (200) aşağıdır. Bu dəyişikliklər Trampın rozuvastatin və ezetimib kimi dərmanlar qəbul etməsi ilə əlaqələndirilir.
Təzyiqi 128/74 olsa da, bu, yüksəlmiş hesab olunur və nəzarət olunmazsa hipertaniyaya çevrilə bilər. Onun istirahət halında nəbzi 62 vurğudur ki, bu da ürək sağlamlığının yaxşı vəziyyətdə olduğunu göstərir.
Trampın gündəlik olaraq aspirin qəbul etdiyi də qeyd olunur — bu, infarkt və insult riskini azaltmaq məqsədi daşıyır. Həmçinin, müayinələr zamanı günəş şüalarının təsirindən yaranan kiçik dəri zədələri və təhlükəli olmayan bir neçə dəri törəməsi də müşahidə edilib.
Əlavə olaraq, 2024-cü ilin iyulunda Pensilvaniyanın Batler şəhərində keçirilən mitinqdə sui-qəsd cəhdi zamanı yaralandığı qulağında yaranmış çapıq da sənəddə qeyd edilib.
Trampın sağlamlıq durumu ilə bağlı müayinə 14 müxtəlif ixtisas sahəsi üzrə mütəxəssisin iştirakı ilə, laborator analizlər və diaqnostik testlərlə birlikdə aparılıb.





