Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşır. 13–15 may 2025-ci il tarixlərində Bakı şəhərində, Azerbaijan Airlines (AZAL) QSC-nin dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (Aviation Energy Forum – AEF) baş tutacaq.
Bu tədbir Qafqaz regionunda ilk dəfə keçiriləcək və aviasiya sahəsində enerji və davamlı inkişaf mövzularına həsr olunmuş aparıcı beynəlxalq platformalardan biri hesab olunur.
Foruma ev sahibliyi – Azərbaycanın beynəlxalq mövqeyinə töhfə
Daylinews-az.comun AZAL-ın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, AEF forumu aviasiya sənayesində əsas tendensiyaların və enerji strategiyalarının müzakirə ediləcəyi qlobal mərkəzə çevriləcək.
AZAL-ın açıqlamasında qeyd edilir ki, bu forum Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq əməkdaşlığını genişləndirmək və ölkənin diplomatik potensialını nümayiş etdirmək üçün mühüm fürsətdir.
Əsas mövzu: aviasiyanın dekarbonizasiyası
Forumun əsas diqqət mərkəzində aviasiya sənayesinin dekarbonizasiya prosesi, davamlı aviasiya yanacaqları (SAF) və aviaşirkətlərin enerji transformasiyasındakı rolu olacaq.
Bundan əlavə, tədbirdə aşağıdakı məsələlər də ətraflı şəkildə müzakirə ediləcək:
- Aviasiya yanacağının kommersiya və texniki aspektləri
- Yanacaq təchizatı zəncirindəki çağırışlar
- Sektorun mövcud vəziyyəti üzrə analitik hesabatlar
- Yaşıl iqtisadiyyat üzrə Azərbaycanın milli strategiyası
- Azərbaycanın tranzit və logistika imkanları
- Enerji diplomatiyasındakı rolu
60 ölkə, 65 aviaşirkət, 700 iştirakçı
Forumda 60-a yaxın ölkənin nümayəndələri, 65-dən çox aviaşirkət, ümumilikdə isə təxminən 700 iştirakçı yer alacaq. Tədbir yalnız IATA-ya üzv olan aviaşirkətlər, strateji tərəfdaşlar, alternativ və ənənəvi yanacaq təchizatçıları, həmçinin bu sahədə ixtisaslaşmış xidmət şirkətləri üçün açıq olacaq.
Təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları
AEF çərçivəsində aviasiya və enerji sahələrinə dair panel müzakirələri, kommersiya və texniki sessiyalar, sərgi və sponsorlara təqdimatlar keçiriləcək. Bu, iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıqlar qurmaq üçün unikal imkan yaradacaq.





