5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİdmanAzərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov komandanın Çexiyadakı hazırlığını dəyərləndirdi

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov komandanın Çexiyadakı hazırlığını dəyərləndirdi

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov, komandanın Çexiyadakı təlim-məşq toplanışı və keçirilən yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis “Report”a açıqlamasında bildirib ki, çempionatın başlamaması səbəbindən oyunçular oyun təcrübəsinin çatışmazlığını hiss edirlər. Borisov, xüsusən də ikinci yoldaşlıq oyununda komandanın fiziki güc sarıdan problem yaşadığını qeyd edib:

“Çexiyada dörd gün qalaraq iki oyun keçirdik. Futzalçılar oyun praktikasından məhrum olduqları üçün müəyyən çətinliklər yaşadılar. Səfərdə dörd gənc oyunçu ilə iştirak etdik və onların çıxışlarından məmnun qaldım. Lakin ikinci oyunun ikinci hissəsində komandanın fiziki baxımdan gücsüzləşməsi diqqət çəkdi. İlk oyunda güclərini qoruya bildilər, ikinci matçın ilk hissəsində də yaxşı çıxış etdilər, lakin sonradan yorğunluq özünü göstərdi. Bu isə yenidən formalaşan komanda üçün tamamilə normal bir haldır. Digər taktiki tapşırıqları isə yerinə yetirdik. Düzdür, beş gün ərzində hər şeyi tam mənimsəmək asan deyil, amma bəzi futzalçılar taktiki sistemi qəbul etdilər.”

Baş məşqçi əlavə edib ki, komanda standart vəziyyətlərdə zəif çıxış edib:

“İkinci oyunda standart vəziyyətlərdən 4 qol buraxdıq və bu bizim ən zəif nöqtəmizdir. Lakin uşaqları günahlandırmaq düzgün olmaz, bu istiqamətdə daha çox işləmək lazımdır. Çexiya yığması haqqında isə onu deyə bilərəm ki, əvvəlki heyətdən 8 oyunçu qalıb və onlardan 6 nəfəri eyni klubda oynayır. Bu da onların meydançada bir-birini yaxşı başa düşməsinə kömək edir. Bundan əlavə, fiziki cəhətdən də üstün idilər. Onlara qarşı oynamaq çətin idi. Qol şanslarından istifadə edə bilmədik, amma bu qədər fərqlə məğlub olmalı deyildik. Çexiya ümumilikdə orta səviyyəli komandadır. Bir neçə oyunçu var ki, vaxtilə mənə qarşı oynayıblar.”

Vitali Borisov, gələcək planlarla bağlı da danışıb:

“Noyabrda Bosniya və Herseqovina ilə yoldaşlıq oyunu planlaşdırılır. Hal-hazırda başqa oyunlar gündəmdə deyil. Əlbəttə ki, komandada bəzi dəyişikliklər ola bilər. Çempionat başlayandan sonra oyunları izləyəcəyik və müxtəlif səbəblərə görə Çexiyaya gətirə bilmədiyimiz oyunçuları da dəyərləndirəcəyik.”

Qeyd edək ki, Azərbaycan millisi yoxlama oyunlarında Çexiyaya 0:3 və 2:6 hesabları ilə məğlub olub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər