Bakıda keçirilən beynəlxalq MBFW Azerbaijan Moda Həftəsinin ilk mövsümü uğurla başa çatdı. 15–17 may tarixlərini əhatə edən tədbir moda, incəsənət və müasir texnologiyaları bir araya gətirərək paytaxtda kreativlik və innovasiya dolu üç gün yaşatdı. Moda həftəsinin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası və Led.az Events, tədbirin strateji tərəfdaşı isə Mercedes-Benz və onun Azərbaycandakı rəsmi distribyutoru “Autokapital-Azərbaycan” şirkəti oldu.
Möhtəşəm məkan və konseptual yanaşma
Tədbir Abşeron Avtomobil Mərkəzində – Mercedes-Benz-in yeni #MAR20x konseptinə uyğun müasir şourumda baş tutdu. Moda nümayişləri, interaktiv incəsənət instalyasiyaları və AI əsaslı vizual proyeksiyalarla zənginləşdirilən məkan iştirakçılara Mercedes-Benz brendinin texnoloji ruhunu hiss etdirdi.
Hər gün fərqli tematik ruhda
Moda həftəsinin hər günü müəyyən bir bədii istiqamətə həsr olundu: rönesans, pop-art və ekspressionizm. Bu mövzular dekorasiya və vizual təqdimatlarda öz əksini tapdı. İlk gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, tenor Atəş Qarayevin çıxışı ilə açıldı. İkinci gün isə “Eurovision 2024″də ölkəmizi təmsil etmiş müğənni və bəstəkar Fahree-nin çıxışı xüsusi rəng qatdı.
Beynəlxalq və yerli dizaynerlərin çıxışları
Tədbirdə Türkiyədən Ziya Kocaturk, Belarusdan T.Efremova & Irra və Papilio by Alena Goretskaya, İtaliyadan Emilio Bonadio, Gürcüstan və İsraildən Vague, Gürcüstandan Blikvanger & Idividi, Qazaxıstandan Rox Nassenova, Belarusdan Black Queen kimi dizaynerlər öz kolleksiyalarını təqdim etdilər.
Yerli dizaynerləri əks etdirən Azerbaijan Fashion&Art sərgisində Muse Me, The Tothu, Parcha Studio, Gaga Factory, Dova 24, Sultan Couture, Natavan Aliyeva, Sameera və Kaftan brendləri çıxış etdi. Eyni zamanda, müasir azərbaycanlı rəssam Elnarə Nəsirlinin instalyasiyası təqdim olundu.
Zərgərlik və eksklüziv təqdimatlar
Tədbir çərçivəsində Nino Sepo və Narmeen Jewelry zərgərlik brendləri, eləcə də Vira Plotnikova və Co.Lab dizaynerlərinin eksklüziv kolleksiya nümunələri nümayiş olundu. Panghia zərgərlik evi öz təqdimatını, Adidas for Mercedes-Benz isə unikal kolleksiyasını təqdim etdi.
Əyləncə və dəstəkçilər
Hər günün sonunda DJ AKG-nin musiqi setləri tədbirə canlı atmosfer bəxş etdi. Moda həftəsinin tərəfdaşları arasında Alman-Azərbaycan Ticarət Palatası, MyBrands, MAC, L’Oreal Professionnel, KSpace, Braun, Absheron Hotel Group, Turizm.az, Museum Furniture&Accessories, Johnnie Walker, A11 Logistics, Big Model Agency, Notes Gastronomy&Bar, Shur və Yacht Club Residence kimi nüfuzlu şirkətlər yer aldı.
MBFW Azerbaijan, Azərbaycanın yaradıcı sənaye sahəsində yüksələn mərkəzə çevrilmək potensialını nümayiş etdirməklə yanaşı, Mercedes-Benz brendi ilə uğurlu əməkdaşlığın gücünü də bir daha sübut etdi.





