Son günlər Azərbaycanda koronavirus infeksiyası ilə bağlı bir neçə yoluxma faktı qeydə alınıb. Bu isə cəmiyyətdə narahatlıq doğuraraq yenidən pandemiya təhlükəsinin aktuallaşması ilə bağlı suallar yaradır.
Hazırkı epidemioloji vəziyyət necədir?
Daylinews-az.com xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyər Eyvazov bildirib ki, ölkədə yoluxma hallarının sayı azdır və ümumi vəziyyət əvvəlki aylarda olduğu kimi qənaətbəxşdir:
“Epidemioloji baxımdan vəziyyət sabit olaraq qalır. Mövcud yoluxmalar əsasən yüngül gedişatla müşahidə olunur və əksər hallarda xəstəlik qısa müddətdə tam sağalma ilə nəticələnir. Yoluxanların çoxu xəstəliyi ev şəraitində keçirdir. Yalnız müəyyən risk qruplarına daxil olan şəxslərdə – məsələn, yaşlılar və yanaşı xəstəlikləri olanlarda – nadir hallarda xəstəxanaya yerləşdirilmə zərurəti yaranır. Bu hallar çox az müşahidə olunur”.
Massiv immunitet ümid verir
Eyvazovun sözlərinə görə, əhalinin böyük bir hissəsində artıq müxtəlif yollarla – xəstəliyi keçirmək və ya peyvənd olunmaqla – immunitet formalaşıb. Bu isə yaxın aylarda virusun geniş yayılma ehtimalının aşağı olduğunu göstərir: “Cəmiyyət daxilində formalaşmış kollektiv immunitet bizə yaxın gələcək üçün nikbin proqnozlar verməyə əsas yaradır”.
Nəticə: panikaya ehtiyac yoxdur
Mütəxəssis əlavə edib ki, mövcud yoluxma hallarına baxmayaraq, ölkədə pandemiya təhlükəsi və ya fövqəladə vəziyyət yaratmağa əsas yoxdur. Bununla belə, hər kəs gigiyena qaydalarına əməl etməli, özünü və ətrafındakıları qorumağa davam etməlidir.





