Azərbaycanın milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən rəsmi təbrik məktubları ünvanlanıb. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan: “Bir millət, iki dövlət” prinsipi ilə irəliyə doğru
Rəcəb Tayyib Ərdoğan təbrik məktubunda Azərbaycanı “qardaş ölkə” adlandıraraq bu günü səmimi duyğularla qeyd etdiklərini bildirib:
“Zati-aliləri, əziz qardaşım. Ölkəm və şəxsim adından sizi və əziz Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar gün münasibətilə sevinirik ki, Türkiyə hər zaman doğma Azərbaycanın yanında olub, istər kədərdə, istərsə də sevincli anlarda. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradəmiz bizləri birgə gələcəyə doğru aparır. Qardaşlıq bağlarımızın və unikal əməkdaşlığımızın hər gün bir qədər də dərinləşməsindən məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah arzulayıram. Bayramınız mübarək olsun!”
Si Cinpin: “Əlaqələrimizin inkişafına xüsusi önəm verirəm”
Çin Xalq Respublikasının Sədri Si Cinpin də Prezident İlham Əliyevi təbrik edərək, Çin–Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini vurğulayıb:
“Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük önəm verirəm. İnanıram ki, Sizinlə birgə səylərlə ölkələrimiz arasında çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə nail ola bilərik. Bu əməkdaşlıq təkcə dövlətlərimizin inkişafına deyil, həm də xalqlarımızın rifahına xidmət edəcək.”
Si Cinpin məktubunda ikitərəfli əlaqələrin yeni səviyyəyə çatdırılmasının mümkünlüyünə inandığını da bildirib.





