Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Briyit Makronla Vyetnamda baş vermiş qeyri-adi görüntülərlə bağlı yayılan şayiələrə münasibət bildirib. Prezident, yayılan videodakı davranışlarının səbəbini açıqlayaraq, “sadəcə zarafat etdiklərini” deyib. Bu barədə Daylinews-az.com məlumat yayıb.
“Biz sadəcə zarafatlaşırdıq, bu, aramızda tez-tez baş verən şəxsi ünsiyyət anlarından biridir, bundan artığı yoxdur”, – deyə Makron Yelisey sarayının rəsmi X (Twitter) hesabında yayımlanan jurnalistlərlə söhbətində qeyd edib.
“Planet miqyasında fəlakət düzəltməyə ehtiyac yox idi”
Fransa lideri videonun şərh edilməsi ətrafında yaranan isterikaya təəccübləndiyini gizlətməyib: “Adi bir zarafat səhnəsinin bu qədər şişirdilərək planet miqyasında bir fəlakət kimi təqdim olunması, üstəlik bunun ətrafında nəzəriyyələr uydurulması tamamilə gülməlidir.”
Növbəti video: “Narkotik yox, salfet idi”
Makron eyni zamanda daha bir mübahisəli video ilə bağlı da danışıb. Kadrlarda prezident Almaniya kansleri Fridrix Mers və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birlikdə Kiyevə gedən qatarda görüntülənmişdi.
İnternetdə yayılan iddialarda Makronun stoldan guya narkotik maddə olan bükülünü götürdüyü deyilsə də, Fransa lideri bu fikirləri sərt şəkildə təkzib edib: “Bu, sadəcə bir salfet idi. İnsanlar ciddi mövzulardan uzaqlaşıb videoların altına uydurma şərhlər yazmaqla məşğuldurlar. Bütün bu şərhlər və yozumlar ciddilikdən uzaqdır.”
Vyetnamda nələr baş verdi?
Qalmaqal Associated Press agentliyinin yaydığı görüntülərlə başlayıb. Kadrlarda Makron təyyarənin içində dayanarkən, Briyit Makronun əli qəfil kadra daxil olur, lakin özü görünmür. Prezidentin ifadəsi əvvəlcə təəccüblənsə də, dərhal toparlanaraq onu qarşılayan nümayəndə heyətinə gülümsəməklə cavab verir.
Təyyarədən enərkən daha bir detal diqqətdən yayınmayıb: Makron həyat yoldaşına əl uzatsa da, Briyit Makron bu jesti görməzdən gəlib və nərdivanın tutacağından yapışaraq yoluna davam edib.
Asiya turunun növbəti dayanacaqları
Hazırda Makron və həyat yoldaşı Asiya üzrə diplomatik turnedədirlər. Prezident 27 mayadək Vyetnamda qalacaq, daha sonra 28–29 mayda İndoneziyada, 29–30 mayda isə Sinqapurda səfərdə olacaq. Qeyd edək ki, o, Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik konfransında iştirak edən ilk Avropa lideri olacaq.





