Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına sədrlik etdiyi dövrdə təxminən 13 000 avro (təxminən 25 250 manat) məvacib alacaq. Daylinews-az.com xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
B9 tarif dərəcəsi üzrə maaş
Nazirlikdən bildirilib ki, Berbokun maaşı Almaniyada yüksək vəzifəli dövlət qulluqçuları üçün tətbiq edilən B9 tarif dərəcəsinə uyğundur. Bu tarif Almaniya Xarici İşlər Nazirliyinin xaricə ezam etdiyi rəhbər vəzifəli şəxslərin əməkhaqqı ilə eynidir. “Bu, adi praktika sayılır. Belə hallarda əməkhaqqını təyin edən və ödəyən ölkə, yəni mənsub olduğu dövlət – Almaniyadır”, – deyə Almaniya XİN bildirib.
Qeyd olunub ki, Annalena Berbokun təyinatı hökumət tərəfindən təsdiqləndikdən sonra onunla rəsmi əmək müqaviləsi bağlanıb və bu sənədə diplomatik təyinatla bağlı olan qaydalar şamil olunur.
Sessiyanın başlanma tarixi
Xatırladaq ki, bu həftə BMT Baş Assambleyası Berbokun 80-ci sessiyaya sədr seçilməsini səsvermə yolu ilə təsdiqləyib. O, bu vəzifəyə yeganə namizəd idi. Yeni sessiya sentyabr ayında başlayacaq.





