İsrail Müdafiə Ordusu (CAXAL) “Mədlin” adlı gəmini Qəzza zolağının sahilinə buraxmamaq qərarına gəlib. Gəmidə 12 fələstinliyə dəstək verən aktivist, o cümlədən məşhur isveçli ekofəal Greta Tunberq də var.
Bu barədə The Jerusalem Post qəzetinə istinadla Daylinews-az.com məlumat verir.
İsrail qadağa qərarını niyə verdi?
Qəzetin yazdığına görə, “Mədlin” gəmisinin Şərqi Aralıq dənizinə gəlməsi bir həftə ərzində gözlənilir. Lakin İsrail tərəfi gəminin Qəzza sahillərinə yaxınlaşmasına və orada lövbər salmasına icazə verməyəcək.
İsrailin müdafiə naziri İsrael Kac məsələ ilə bağlı əlavə qərarlar qəbul etməyə hazırlaşır. İsrailin dövlət yayım şirkəti Kan bildirir ki, ilkin mərhələdə gəminin Qəzzaya daxil olmasına icazə verilməsi müzakirə edilsə də, bu addımın təhlükəli presedent yaradacağına qərar verilib. Belə ki, aktivistlər bölgədə qalmalı olacaq və bu, İsrailin tətbiq etdiyi dəniz blokadasını şübhə altına ala bilərdi.
“Mədlin” gəmisində nə var?
“Azadlıq Flotiliyasına” daxil olan “Mədlin” gəmisi iyunun 1-də İtaliyanın Siciliya adasından yola düşüb. Gəmidə Qəzza zolağı üçün humanitar yardım var:
- uşaq qidası
- uşaq bezləri
- un və düyü
- su filtrləri
- gigiyena vasitələri
- tibbi avadanlıq
Lakin bu yükün Qəzzaya çatdırılması hazırda qeyri-mümkün görünür.





