ABŞ hökumətinin immiqrasiyaya qarşı apardığı sərt tədbirlərə qarşı etiraz aksiyaları artıq Texas ştatına da keçib. Daylinews-az.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott açıqlama verib.
Qubernatorun sözlərinə görə, etirazçılar Austin və Dallas şəhərlərində küçələrə çıxıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində onlarla aksiya iştirakçısı saxlanılıb.
“The Associated Press” agentliyinin məlumatına görə, etiraz dalğası artıq yalnız Kaliforniya ilə məhdudlaşmır. Artıq San-Fransisko və Santa-Ana şəhərlərində də nümayişlər baş verir. Həmin şəhərlərə ABŞ Milli Qvardiyasının bölmələri yerləşdirilib – məqsəd federal binaların mühafizəsini təmin etməkdir.
Qeyd edək ki, Kaliforniyanın Los-Anceles şəhərində üç gündür davam edən etirazlar Prezident Donald Trampın qeyri-qanuni miqrantlara qarşı kəskin siyasətinə cavab olaraq başlayıb. Hökumətin immiqrasiya reydləri və yeni miqrasiya qadağaları ölkənin müxtəlif bölgələrində narazılıqlara səbəb olub.





