ABŞ-ın Texas ştatında aramsız yağışlar nəticəsində çayların daşması yeni itkilərlə nəticələndi.
Daylinews-az.com CNN-ə istinadla xəbər verir ki, Texasda baş verən daşqınlar nəticəsində ölənlərin sayı ən azı 82 nəfərə çatıb. Təbii fəlakət xüsusilə ştatın mərkəzi bölgələrini əhatə edib və vəziyyət getdikcə pisləşir.
Faciəvi statistika:
- Kerr dairəsi – 68 nəfər
- Travis dairəsi – 6 nəfər
- Burnet dairəsi – 3 nəfər
- Kendall dairəsi – 2 nəfər
- Williamson dairəsi – 2 nəfər
- Tom Green dairəsi – 1 nəfər
Ümumilikdə 28 uşaq həyatını itirib. Ölü sayının artacağı istisna edilmir, çünki bir çox insan hələ də itkin düşmüş hesab olunur.
Gvadalup çayı yenidən daşır
Son günlər Gvadalup çayı hövzəsində yenidən intensiv yağıntılar müşahidə olunur. Xüsusilə Kerr dairəsində çayın səviyyəsi kəskin şəkildə yüksəlib. Yerli polis və şerif idarələri sakinləri təhlükəyə qarşı diqqətli olmağa və çaylara yaxınlaşmamağa çağırıb.
“Əgər siz Gvadalup çayı və ya Conson dərəsinin yaxınlığındasınızsa, diqqətli olun”, – deyə Kerr dairəsi şerif ofisi xəbərdarlıq edib.
Dəhşət düşərgədə: onlarla uşaq itkin düşüb
4 iyul səhəri başlayan daşqınlar Kerr dairəsində cəmi 45 dəqiqə ərzində suyun səviyyəsinin 8-9 metrə qalxmasına səbəb olub. Bu zaman “Mystic” adlı özəl uşaq düşərgəsində təxminən 700 nəfər yerləşirdi. Onlarla uşaq və tərbiyəçi ya həlak olub, ya da itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.
Fövqəladə vəziyyət elan olunub
ABŞ prezidenti Donald Tramp, fəlakətin miqyasını nəzərə alaraq Texasda fövqəladə vəziyyət elan edib. O, 6 iyulda verdiyi açıqlamada, cümə günü ştatı ziyarət edəcəyini, həmçinin federal yardımların davam etdiriləcəyini bəyan edib.





