4 oktyabr 2024-cü ildə Azərbaycan və Kolumbiya Xarici İşlər Nazirlikləri arasında ilk dəfə video-konfrans formatında konsulluq məsləhətləşmələri keçirilib. Daylinews-az-nın xəbərinə görə, məsləhətləşmələrə Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Kolumbiya tərəfdən isə Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. O cümlədən, konsulluq sahəsində yeni ikitərəfli sənədlərin imzalanması imkanları, miqrasiya və daxili işlər sahəsində əməkdaşlıq, vətəndaşların hüquqlarının qorunması, rəsmi sənədlərin leqallaşdırılması və rəqəmsallaşdırılması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi də müzakirə olunan əsas məsələlərdən olub.