Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumda çıxış ediblər.
Nazir Sahil Babayev qeyd edib ki, hökumətlər əməkdaşlıq üçün çərçivə razılaşmaları müəyyənləşdirir, biznes ictimaiyyəti və investorlar isə bu razılaşmaları konkret layihələrə çevirirlər. Onun sözlərinə görə, biznes forum tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və yeni bazarlara çıxış baxımından mühüm platformadır. Forumda həmçinin ikitərəfli ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, enerji, yaşıl iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın diversifikasiya, dayanıqlılıq və açıqlıq prinsiplərinə əsaslanan sabit və etibarlı tərəfdaş olduğunu vurğulayan Sahil Babayev Macarıstan şirkətlərini Azərbaycana investisiya yatırmağa dəvət edib, eyni zamanda Azərbaycan şirkətlərinin Macarıstanda və Avropa İttifaqında yeni imkanları səbirsizliklə gözlədiyini bildirib. O, ötən dövrdə Bakı və Budapeştdə 20-yə yaxın biznes forum və işgüzar görüşlərin keçirildiyini xatırladıb.
Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Biznes forumda ümumilikdə 90-dan artıq şirkət, o cümlədən Azərbaycandan 30 şirkət iştirak edib.





