Paytaxtımız bu gündən etibarən mövsümün ən möhtəşəm yarışlarından birinə – Formula-1 Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Bu, ölkəmizdə keçirilən 9-cu dəfədir ki, “Formula-1” bolidləri Bakının küçələrində sürət nümayiş etdirir.
Günün proqramı
Yarış həftəsonunun ilk günü aşağıdakı proqramla davam edəcək:
- 10:00 – “Formula-2” sərbəst yürüş
- 12:30 – “Formula-1” birinci sərbəst yürüş
- 14:00 – “Formula-2” təsnifat mərhələsi
- 16:00 – “Formula-1” ikinci sərbəst yürüş
Qran-pri üç gün davam edəcək və yüzminlərlə azarkeşi şəhərin küçə trasına toplayacaq.
Formula-1-in Azərbaycandakı tarixi
2016-cı ildən etibarən Bakı dünyanın ən nüfuzlu avtoyürüşlərinə ev sahibliyi edir. İlk yarış “Avropa Qran-prisi” adı altında keçirilmiş və qalib alman pilot Niko Rosberq olmuşdu. Sonrakı illərdə podiumun zirvəsinə çıxan məşhur adlar arasında Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) yer alıb.
2020-ci ildə isə pandemiya səbəbindən Azərbaycan Qran-prisi baş tutmamışdı.
Bakıda bu möhtəşəm idman hadisəsi təkcə yarış yox, həm də festival ab-havası yaradaraq şəhəri sürət, səs və adrenalinin mərkəzinə çevirəcək.





