Formula 1 Azərbaycan Qran-prisi yarışlarının keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqası (BŞH) ətrafındakı küçələrdə nəqliyyat hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.
BŞH-dən məlumat verilib ki, 19-21 sentyabr tarixlərində planlaşdırılan tədbirə hazırlıq çərçivəsində logistik əməliyyatların aparılması görə sentyabrın 12-si gecə saat 01:00-dən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə Neftçilər prospekti kəsişməsindən olan qismində yol hərəkəti məhdudlaşacaq. Bu məhdudiyyət yarışın yekununa qədər davam edəcək.
Nəqliyyat İdarəetmə Planına uyğun olaraq, Bakı Şəhər Halqasının keçdiyi küçələr və yarış traçasının əhatə etdiyi zonalar sentyabrın 15-i gecə saat 01:00-dən 23-ü səhər saat 08:00-ə qədər nəqliyyat üçün tamamilə bağlanacaq. Bu ərazilərə yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” vasitəsilə giriş-çıxış mümkün olacaq. Baku City Circuit (BCC) ilə əməkdaşlıq çərçivəsində nəzarət aparılacaq, sürücülərə metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə olunur.
Son iki ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış dövründə bəzi əsas yollar müvəqqəti olaraq açılacaq. Xüsusilə, 15, 16, 17 sentyabrda yarış zolağının aşağıdakı giriş-çıxış hissələri səhər saat 07:00-09:00 və axşam 18:00-20:00 aralığında dayanma və durma qadağası olmadan sərbəst istifadəyə verəcək.
Sentyabrın 18-də isə səhər saat 07:00-09:00 və axşam 20:00-22:00 aralarında bu yollar açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şossesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
- Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.
BŞH xəbər verir ki, qeyd olunan yollar yalnız tranzit məqsədilə istifadə oluna biləcək. Fövqəladə hallar istisna olmaqla, açıq dövründə parklaşdırma, sərnişin qəbulu və buraxılması qadağandır. Həmçinin, bu yollarda ağır yük daşıyan maşınlar və ictimai nəqliyyat hərəkəti məhdudlaşacaq.





