ABŞ hökumətinin qəzaya uğramış naməlum uçan obyektlərdən götürülən yadplanetli qalıqlarını gizli şəkildə saxladığı ilə bağlı yeni iddialar yenidən gündəm yaradıb. ABŞ mediasında yayılan məlumatlara görə, söhbət təkcə bir deyil, ən azı dörd fərqli növdən gedir.
ABŞ-ın Fox News telekanalının məlumatına görə, bu iddianı CIA tərəfindən maliyyələşdirilmiş araşdırmaçı doktor Hel Patoff səsləndirib. Onun sözlərinə görə, hadisələrdə iştirak etmiş şəxslərlə apardığı söhbətlər zamanı müxtəlif mənşəli canlılardan bəhs olunub.
“Bu əməliyyatlarda iştirak edən insanlar ən azı dörd fərqli növün olduğunu deyirdilər”, – deyə Patoff bildirib.
Araşdırmaçı özü həmin qalıqları birbaşa görmədiyini etiraf etsə də, məlumat aldığı şəxslərin etibarlı olduğunu vurğulayıb.
İddia edilən növlər hansılardır?
Doktor Erik Devisin açıqlamalarına əsasən, söhbət “nordiklər”, “bozlar”, “insekoidlər” və “reptiloidlər” adlandırılan varlıqlardan gedir.
İddialara görə:
- “Nordiklər” görünüş baxımından insanlara ən yaxın hesab olunur;
- “Bozlar” iri gözlü, saçsız və kiçikboy canlılar kimi təsvir edilir;
- “İnsektoidlər” zahiri görünüşünə görə dua edən böcəklərə bənzədilir;
- “Reptiloidlər” isə pulcuqlu, quyruqlu və iki ayaq üzərində hərəkət edən canlılar kimi təqdim olunur.
Bu açıqlamalar ABŞ Müdafiə Nazirliyinin naməlum anomal hadisələrlə bağlı yeni sənədlər yayımladığı dövrə təsadüf edib. Sənədlərin açıqlanması Donald Tramp administrasiyası dövründə başladılan məxfi məlumatların ictimailəşdirilməsi proqramı çərçivəsində həyata keçirilir.
Bununla belə, Pentaqon və ABŞ hökuməti yadplanetli həyat formalarının mövcudluğu ilə bağlı iddiaları rəsmi şəkildə təsdiqləməyib.





