Bir çox insan şəhər meydanlarında göyərçinlərə xörək verməyi sevir, amma Avropada bu “zərərsiz” hərəkətə görə ciddi cərimə ilə üzləşə bilərsiniz. Bəzi ölkələrdə və şəhərlərdə göyərçinləri yedizdirmək tamamilə qadağandır. Harada belə qayda var və niyə bu qədər sərt cəza tətbiq olunur?
Hansı ölkələrdə göyərçinləri yedizdirməyə görə cərimə yazılır
Azərbaycanda göyərçinlərə xörək vermək qanunla qadağan deyil – heç bir cərimə nəzərdə tutulmayıb, baxmayaraq ki, qonşular bundan narazı qala bilər. Lakin Avropanın bir sıra ölkələrində vəziyyət tam fərqlidir.
Məsələn, İtaliyanın Venedik şəhərində göyərçinlərə yem vermək qəti qadağandır. Express nəşrinin məlumatına görə, pozuntu aşkarlanarsa, polis 500 avroya qədər cərimə yaza bilər. Maraqlısı odur ki, San-Marko meydanında bəzi satıcılar hələ də turistlərə göyərçin yemi satır, amma bu, qanunsuzdur. Qadağa şəhər sakinlərinin saysız-hesabsız şikayətlərindən sonra qoyulub – göyərçinlərin yaratdığı nəcis problemi həddən artıq böyümüşdü. 2026-cı ildə İtaliyada Qış Olimpiya Oyunları keçiriləcək və Venediyə gələn turistlərin sayı kəskin artdığı üçün qadağanın daha sərt icra olunacağı gözlənilir.
Almaniyada da oxşar qaydalar mövcuddur. Münhen, Bonn və bir çox başqa şəhərlərdə göyərçinlərə yem vermək qadağandır. Bonn şəhərinin rəsmi saytında bildirilir ki, belə hərəkətə görə cərimə 1000 avroya çata bilər.
Qadağa təkcə bu şəhərlərlə məhdudlaşmır. 2014-cü ildən Vyanada (Avstriya), eləcə də Londonda, Parisdə, Cenevrədə və digər böyük Avropa şəhərlərində göyərçinlərə yem vermək qanunla cəzalandırılır. Odur ki, Avropaya səyahət edən turistlərə məsləhətdir: göyərçinlərə taxıl səpmək istəyi yaransa, əl saxlasınlar.
Niyə göyərçinləri yedizdirmək qadağan olunub?
Göyərçinlərə daim yem verilməsi ekoloji tarazlığı pozur. Bu quşlar çox sürətlə çoxalır, digər növləri şəhərlərdən sıxışdırıb çıxarır və nəcisləri ilə binaları, abidələri çirkləndirir. Üstəlik, göyərçinlər onlarla xəstəlik daşıyıcısıdır və bu xəstəliklər insana keçə bilər.
Bonn şəhərinin rəsmi saytında qeyd olunan başqa bir vacib səbəb də var: göyərçinlərə çörək, bulka və digər insan qidası vermək quşların özlərinə də zərərlidir. Belə qida onların təbii pəhrizinə uyğun gəlmir. Daim yemək tapdıqları üçün il boyu çoxalır və balalarının demək olar ki, hamısı sağ qalır. Təbiətdə isə adətən yalnız ən güclülər sağ qalır, bu isə populyasiyanın təbii tənzimlənməsini təmin edir. İnsan müdaxiəsi bu mexanizmi pozur və göyərçinlərin sayı nəzarətdən çıxır.
Beləliklə, göyərçinlərə yem vermək nəinki cərimə ilə nəticələnə bilər, həm də şəhərlərin ekoloji vəziyyətini pisləşdirir. Avropaya gedərkən bu qaydanı unutmaq olmaz – bir ovuc taxıl sizə bahalı “suvenir” ola bilər.





