Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında fəaliyyət göstərənlər üçün 2019-cu ildən tətbiq olunan sosial verginin ödənilmə qaydası yeni bir mərhələyə keçəcək.
2026-ci ildən aylıq gəliri 200 manatdan 8 000 manata qədər olanlar üçün sığortaolunan 6 manat + 200-8 000 manat arası hissənin 10%-i qədər, sığortaedən isə 44 manat + həmin hissənin 15%-i sosial sığorta haqqı ödəyəcək (ümumi yük – 25%). Gəliri 8 000 manatdan çox olanlar üçün isə sığortaolunan 786 manat + artıq hissənin 10%-i, sığortaedən 1 214 manat + artıq hissənin 11%-i ödəniş olacaq (ümumi yük – 21%). Gəliri 200 manatdan aşağı olanlar üçün isə hazır qaydada sığortaolunan 3%, sığortaedən 22% saxlanılacaq (ümumi yük – 25%).
Bu dəyişiklik 2026-ci il büdcə zərfinin layihəsində əksini tapmışdır. Vergi Məcəlləsinə təklif olunan yeniliklər gəlir vergisi güzəştlərinin ləğvi ilə paralel aparılır. 2026-cı ildə fiziki şəxslərin gəlir vergisi üzrə büdcə gəlirləri 2 milyard 567 milyon manat olacaq, bu da 29% artımdır. Dəyişikliklər sosial təminatın dayanıqlılığını gücləndirmək və büdcə gəlirlərini artırmaq məqsədi daşıyır, lakin kiçik sahibkarlıq subyektləri üçün əlavə yük yarada bilər.





