Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün yenidən müxtəlif idman növlərində medal mübarizəsinə başlayırlar. Komanda artıq yarışlarda 4 qızıl, 9 gümüş və 16 bürünc olmaqla toplam 29 mükafata imza atıb və medal sıralamasında altıncı pillədə qərarlaşıb.
Bugünkü yarış proqramında üzgüçülər – Səid Həmidov, Yeqor Maynitskiy, Abdurrahman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılmzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı, Anastasiya Boborıkina və qarışıq komanda üzvləri öz güclərini yoxlayacaqlar.
Stolüstü tennisin fərdi yarışlarında kişi idmançılar Hilal Həsənov və Onur Quluzadə, qadınlardan isə Mərziyyə Nurmatova və Zemfira Mikayılova iştirak edəcək. Ağırlıqqaldırma üzrə Rahilə Hüseynzadə (86 kq) final mərhələsinə vəsiqə əldə edib.
Eyni zamanda Azərbaycanın muaytayçısı Xəyal Əliyev (60-65 kq) və Səlahəddin Qocazadə (65-70 kq) rinqə çıxacaq. Karateçilər Roman Heydərov, Turqut Həsənov və Fatimə Cəbrayılova da bu gün medallar uğrunda çıxışlarını davam etdirəcək.
İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.





