EvSiyasətAzərbaycan nümayəndə heyəti Rumıniya Senatında mühüm görüş keçirib

Azərbaycan nümayəndə heyəti Rumıniya Senatında mühüm görüş keçirib

Rumıniyaya səfər edən Azərbaycan nümayəndə heyəti Parlament binasında senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və digər nümayəndə heyəti üzvləri iştirak ediblər.

Tərəflər arasında institusional dialoqun möhkəmləndirilməsi, media sahəsində hüquqi tənzimləmə təcrübəsinin mübadiləsi, informasiya təhlükəsizliyi və saxta xəbərlərlə mübarizə məsələləri geniş müzakirə olunub.

Əhməd İsmayılov medianın rəqəmsal mühitə inteqrasiyası və süni intellektin etik və hüquqi çərçivələrinin yaradılması ilə bağlı ölkədə aparılan islahatlardan söz açıb. O, bu sahədə Rumıniya ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə Azərbaycanın media siyasəti və həyata keçirilən islahatlarla bağlı ətraflı məlumat verib, rəqəmsal yayımın inkişafı və ictimai televiziya müstəqilliyinin gücləndirilməsindən danışıb.

Rumıniya tərəfi isə media və hüquq sahəsindəki qanunvericilik ənənələrini təqdim edib, Avropa İttifaqı tələblərinə uyğun audiovizual tənzimləmə və dezinformasiyanın əleyhinə atılan addımları diqqətə çatdırıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq layihələrindən və informasiya təhlükəsizliyinin təminatı üzrə fəaliyyətindən söz açıb, Rumıniya ilə bu sahədə qarşılıqlı əməkdaşlığın regionda media sabitliyinə töhfə verəcəyini qeyd edib.

Səfir Qüdsi Osmanov isə iki ölkə arasında strateji tərəfdaşlığın enerji, nəqliyyat, informasiya və kommunikasiya sahələrində genişləndiyini vurğulayıb. O, bu görüşün Azərbaycan-Rumıniya əlaqələrinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirdiyini söyləyib.

Senator Kristian-Avqustin Nikulesku-Tağârlaş Rumıniya Parlamentinin sədri Mircea Abrudeanın Azərbaycana rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü yüksək qiymətləndirib. O, bu hadisələri iki ölkə arasında strateji əməkdaşlığın inkişafının təzahürü kimi dəyərləndirib.

Görüş zamanı Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, informasiya məsuliyyəti və təbliğata qarşı mübarizə kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Senator Nikulesku-Tağârlaş yekun olaraq, Azərbaycan və Rumıniya arasında hüquqi və media əməkdaşlığının Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini qeyd edib. Hər iki tərəf gələcəkdə bu sahədə birgə təşəbbüslərin davam etdirilməsi barədə razılığa gəlib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər