İspaniyanın “Límite Informativo” nəşri 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq çərçivəsində Azərbaycanın innovativ yanaşmalarını yüksək qiymətləndirir. Məqalədə ölkəmizin insan-mərkəzli şəhər planlaşdırması və dayanıqlı inkişaf strategiyası sahəsində qabaqcıl təcrübə nümayiş etdirdiyi bildirilir.
Nəşr vurğulayır ki, WUF13 təkcə beynəlxalq konfrans deyil, həm də sosial ədalət, inklüzivlik və vətəndaş iştirakçılığı prinsiplərinə əsaslanan insan-mərkəzli şəhər modellərinin təşviqinə xidmət edən strateji platformadır. Forum qadınların, gənclərin və əlilliyi olan insanların şəhər həyatına tam inteqrasiyasına xüsusi önəm verir.
Məqalədə Azərbaycanın azad edilmiş ərazilərində, o cümlədən Şuşa, Füzuli, Ağdam və Cəbrayıl kimi şəhər və rayonlarda həyata keçirilən layihələrə də diqqət çəkilir. Bu təşəbbüslər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanaraq, bərpa olunan enerji mənbələrindən, intellektual küçə işıqlandırmadan və rəqəmsal nəzarət sistemlərindən istifadəni əhatə edir.
Məsələn, Ağdamın baş planı 2050-ci ilə qədər 100 min sakinin yaşaması üçün nəzərdə tutulub və bərpa olunan enerji resurslarından maksimum istifadəni özündə ehtiva edir. Füzuli və Zəngilan rayonlarında isə rəqəmsal işıqlandırma, tullantıların çeşidlənməsi və suyun təkrar istifadəsi sistemləri “yaşıl transformasiya” üçün parlaq nümunədir.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, 2025-2035-ci illər arasında “Ağıllı şəhər 2.0” proqramı çərçivəsində 12 şəhər və qəsəbənin bu yenilikçi modellərə uyğunlaşdırılması planlaşdırılır. Bu təşəbbüslərin bir qismi WUF13-də “Yaşıl gələcək üçün şəhərlər” mövzulu sessiyada təqdim olunacaq.
Bakı şəhərində həm tarixi irs, həm də müasir arxitekturanın uğurlu sintezi, köhnə şəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil olunması, həmçinin Zəngilanın “yaşıl şəhər” modeli və Şuşanın mədəniyyət paytaxtı kimi rolu Azərbaycanın ənənələrini müasir innovasiyalarla birləşdirmə qabiliyyətini nümayiş etdirir.
Forumun əsas mövzusu olan “Hər kəs üçün mənzil: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məntəqələri” Azərbaycanın sosial inkişaf strategiyası ilə tam uzlaşır. İnklüzivlik və iqlim davamlılığı prioritetlər arasında yer alaraq, yerli icmalar, qadınlar, gənclər və sağlamlıq imkanları məhdud olan insanların həyat keyfiyyətinin artırılması məqsədilə beynəlxalq təcrübənin tətbiqinə imkan yaradır.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf sahəsində uğurlu təcrübəsini dünya ictimaiyyətinə çatdırmaq və ölkənin uzunmüddətli strateji investisiyasını ortaya qoymaq baxımından böyük əhəmiyyət daşıyır.





