EvİqtisadiyyatAzərbaycanda 8 ayda 151 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda 8 ayda 151 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkənin sosial-iqtisadi prioritetlərinə uyğun 151 yeni dövlət standartını təsdiq edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirir.

AZSTAND-ın məlumatına görə, hesabat dövründə ən çox standart qida texnologiyası və kənd təsərrüfatı sahəsində qəbul olunub – cəmi 38 sənəd. Konservləşdirilmiş məhsullar, ət və süd məmulatları, zeytun yağı, un-dəyirmançılıq və qablaşdırılmış içməli su kimi məhsulların texniki tələbləri yenilənib və daha dəqiq parametrlərlə tənzimlənib.

Tikinti materialları üzrə 9 standartla dam örtükləri, beton və yığma dəmir-beton konstruksiyalarının tələbləri dəqiqləşdirilib. İnformasiya-telekommunikasiya və elektrotexnika sahəsində 27 sənəd qəbul olunub, o cümlədən enerji səmərəliliyi, məişət avadanlıqlarının test metodları, coğrafi informasiya sistemləri və süni intellekt idarəetmə-risk çərçivələri. Xüsusilə, iyulda AZS ISO/IEC 42001:2025 “Süni intellekt – İdarəetmə sistemi” standartı təsdiq edilib.

Neft-qaz və əlaqəli texnologiyalar üçün 17 standart yağlar, aşqarlar və soyuducu mayelərin təhlükəsizlik və performans göstəricilərini müəyyənləşdirib. Ətraf mühit mövzusunda 10 sənədlə su keyfiyyəti, qablaşdırmanın təkrar emalı və ekoloji terminologiya tənzimlənib. Nəqliyyat sahəsində 7 standart emissiya standartları, elektrik ötürücüsü və təhlükəli yüklərin daşınması üzrə vahid qaydalar tətbiq edib; idarəetmə və keyfiyyət istiqamətində 5 sənəd, o cümlədən rüşvətxorluğa qarşı idarəetmə, distant təhsil və AI idarəetmə sistemləri qəbul olunub. İyun ayında AZS ISO 50003:2025 “Enerji menecment sistemləri” standartı da bu siyahıya əlavə edilib.

Rezin-plastik boru sistemləri üzrə 2, zərgərlik sahəsində 2, tekstil və dəri texnologiyasında 16, əməyin mühafizəsində 17, metrologiyada isə 1 yeni standart təsdiq edilib.

Paralel olaraq, institut 60 dövlət standartının dövri yoxlamasını həyata keçirib və onlara dəyişikliklər daxil edib. Bu yeniləmələr qida məhsullarından su keyfiyyətinə, nəqliyyat vasitələrinin şüşələrindən tikinti materiallarının test üsullarına qədər geniş sahələri əhatə edir.

Eyni zamanda, 52 dövlət standartı qüvvədən düşmüş sayılaraq ləğv edilib. Bu tədbir təkrarlanan və ya aktual olmayan tələblərin dövriyyədən çıxarılması, normativ bazanın beynəlxalq standartlarla uyğunlaşdırılması məqsədi güdür.

Sahibkarların sorğularının artması nəticəsində 86 texniki şərt müraciət əsasında hazırlanıb, ekspertizadan keçirilib və dövlət qeydiyyatına alınıb. Yanvar-iyun aylarında isə 100 yeni standart qəbul edilmişdi ki, bu da ümumi göstəricinin əsasını təşkil edir.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər