12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Daylinews-az xəbər verir ki, müstəqil Azərbaycanın Konstitusiyası 12 noyabr 1995-ci ildə referendumla qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 27 noyabr 1995-ci ildən qüvvəyə minib.
1995-ci ildə qəbul edilən bu Konstitusiya müstəqil Azərbaycanın ilk, respublikanın isə dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası öz Əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya yaradılması tarixi sovet dövrünə təsadüf edir. Azərbaycanın ilk konstitusiyası 19 may 1921-ci ildə Birinci Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ Konstitusiyasına uyğun olan Azərbaycan SSR Konstitusiyasının yeni redaksiyası isə 14 mart 1925-ci ildə Dördüncü Ümumazərbaycan Sovetlər Qurultayında təsdiq olunmuşdur. 21 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in sonuncu Konstitusiyası da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdır.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti ortaya çıxmışdı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət quruculuğu bazasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 2002-ci ilin avqust, 2009-cu ilin mart və 2016-cı ilin sentyabr aylarında ümumxalq referendumu qərarları ilə Konstitusiyaya əlavələr və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının ilk məhkəmə konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılmışdır.
Konstitusiya Günü bayram olmasına baxmayaraq, 12 noyabr iş günüdür.