Son dövrlərdə Azərbaycanda gənclər arasında qeyri-adi və eyni zamanda narahatlıq doğuran bir meyl yayılıb.
“İdmançı görünüşü” üçün qulaq sındırma
Daylinews-az.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, bəzi gənclər “idmançı görünüşü” əldə etmək məqsədilə qulaqlarını qəsdən zədələtməyə başlayıblar. Bu məqsədlə sosial şəbəkələrdə xüsusi səhifələr açılıb və “qulaq qırma xidməti” təklif olunur. Xidməti təşkil edənlər çəkdikləri videoları paylaşaraq həm nəticələri nümayiş etdirir, həm də yeni müştərilər cəlb etməyə çalışırlar. Xidmətin qiyməti gənclər üçün əlçatan hesab edilir – bir qulağın qırılması 70 manat təşkil edir.
Tibbi risklər
Məsələ ilə bağlı tibb üzrə elmlər doktoru Adil Qeybulla açıqlama verib: “Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir.”
Qeybulla bu cür fəaliyyətlərin sağlamlığa ciddi zərər verə biləcəyini və lisenziyasız tibbi müdaxilələrin qanunsuz olduğunu vurğulayıb.

Psixoloji səbəblər
Psixoloq Elnur Rüstəmov bu tendensiyanın sosial-psixoloji problemlərlə əlaqəli olduğunu qeyd edib: “Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlanır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar ‘mən kiməm?’ sualına cavab axtarır. İdmançıya bənzəmək, ‘qorxmaz və güclü’ obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və ‘döyüşçü’ imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə ‘trend’ olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ ‘status simvolu’ kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur.”
Rüstəmov əlavə edib ki, gənclərin özünüifadə və fərqlənmə istəyi də bu trendin səbəblərindəndir: “Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün ‘cəsarət’ və ‘fərqlilik’ göstəricisi kimi qəbul edilir.”
O, həmçinin güc və aqressiya simvolizmi ilə bağlı qeyd edib: “Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ ‘mübarizə keçmiş insan’ simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla ‘güclü və qorxmaz’ obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər.”
Rüstəmov həll yollarını da təklif edib: “Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək.”
Problem və təkliflər
Bu trendin yayılması həm tibbi, həm də sosial-psixoloji riskləri ilə diqqət çəkir. Qulaq sındırma kimi təhlükəli təcrübələrin qarşısını almaq üçün dövlət səviyyəsində nəzarət mexanizmlərinin gücləndirilməsi və gənclərə sağlam özünüifadə yollarının təklif olunması zəruridir.





