Azərbaycanda 2024-cü ildə kənd təsərrüfatı heyvanlarının sayı rekord səviyyədə azalıb. Ölkədə qoyun və iribuynuzlu heyvanların sayında ciddi geriləmə müşahidə edilib ki, bu da son 20 ildə ən aşağı göstəricilərdən biri hesab olunur. Heyvandarlıq sektorundakı bu geriləmə ölkədə ət istehsalına və ərzaq bazarına da təsir edib.
Ötən ilin sonunda ölkədə cəmi 6,7 milyon baş qoyun qeydə alınıb ki, bu da son iki onilliyin ən aşağı göstəricisidir. Yalnız bir il ərzində qoyun sürüsünün sayı yarım milyondan çox azalıb. Bundan əlavə, iri buynuzlu heyvanların sayı da əhəmiyyətli dərəcədə geriləyib. 2023-cü illə müqayisədə inək və öküzlərin sayı 110 min baş azalaraq 2,5 milyona düşüb.
Bu azalma fonunda ət idxalı 45% artıb, diri heyvanların ölkəyə gətirilməsi isə 30%-dən çox yüksəlib. Bu, daxili istehsalın tələbatı ödəməkdə çətinlik çəkdiyini və ölkənin qida təhlükəsizliyində idxaldan asılılığın artdığını göstərir.





