Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkil etdiyi “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” tədbiri 9-10 oktyabr tarixlərində Bakı şəhərində başa çatıb. Bu mötəbər yarışda Azercell Telekomu təmsil edən “Cybercell” komandası yüksək peşəkarlıq göstərərək ikinci yeri tutub.
İki gün davam edən müsabiqədə Azercell-in Təhlükəsizlik Departamentinin mütəxəssisləri “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusunda real ssenarilər əsasında hazırlanan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Təlimlərdə 20 yerli və ilk dəfə olaraq BƏƏ, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan kimi 5 xarici ölkədən olan komandalar iştirak edib.
Yarışın məqsədi dövlət qurumları, kritik infrastrukturlar, banklar və telekommunikasiya sektoru nümayəndələri arasında kiberhücumlara qarşı müdafiə qabiliyyətinin artırılması, böhran şəraitində informasiya sistemlərinin effektiv işləməsinin təmin olunması və milli kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi olub.
Eyni zamanda, “CIDC-2025” çərçivəsində keçirilən kibertəhlükəsizlik həlləri sərgisində 41 yerli və xarici şirkət son texnoloji yeniliklərini təqdim edib. Azercell-in sərgidə göstərdiyi innovativ həllər iştirakçıların böyük marağına səbəb olub.
Azercell Telekom kibertəhlükəsizliyə dair müştərilərinə etibarlı xidmət göstərməklə yanaşı, bu sahədə peşəkar kadrların formalaşmasına və kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verir.





