Bakıda yerləşən özəl tibb müəssisəsində abdominoplastika (qarın gərmə) əməliyyatından sonra bir qadının vəfat etməsi ilə bağlı yayılan məlumatlar hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Daylinews-az.com xəbər verir ki, Rusiya vətəndaşı Arzu Sadıqovanın “Mərcan” klinikasında keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi iddia olunur.
Yaxınlarının iddiaları və cərrahın mövqeyi:
Mərhumun ailə üzvləri onun ölümündə cərrah Nigar Məmmədovanı günahlandıraraq, həkim səhlənkarlığına istinad edirlər.
Nigar Məmmədova isə əməliyyatın tibbi protokollara tam uyğun şəkildə aparıldığını bildirib və ölümün səbəbi kimi emboliyanı (qan damarının tutulması) göstərib.
Prokurorluq və ekspertiza araşdırması:
Daylinews-az.com-ın məlumatına görə, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən daxil olan vətəndaş müraciəti əsasında plandan kənar yoxlama başladılıb. Mərkəz bildirir ki, yoxlamanın məqsədi:
- Əməliyyatı həyata keçirən həkimin peşəkar tibbi fəaliyyətini qiymətləndirmək
- “Mərcan” klinikasının lisenziya və icazə sənədlərinin olub-olmamasını araşdırmaqdır
AEM-in açıqlamasında qeyd olunur: “Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Nigar Məmmədovanın adı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almır.”
Araşdırmalar nəticəsində hər hansı qanun pozuntusu aşkar edilərsə, məsələ aidiyyəti dövlət qurumlarına təqdim olunacaq. AEM bildirir ki, icazəsiz tibbi fəaliyyət qanunvericiliyə əsasən məsuliyyət doğurur.
Hər hansı şikayət və ya hüquq pozuntusu ilə üzləşən şəxslər AEM-in aşağıdakı kanalları vasitəsilə müraciət edə bilərlər:
- “Bir pəncərə” sistemi
- Qaynar xətt: (012) 596-05-20
- E-poçt: [email protected]
- Rəsmi sayt: www.pharma.az – “Müraciət” bölməsi
Qeyd edək ki, bu hadisə barədə ilkin məlumat anews az saytında yayımlanıb.





