EvCəmiyyətBakıda bu ərazilərdə evlər söküləcək: Siyahıda metro və tramvay xətləri də var

Bakıda bu ərazilərdə evlər söküləcək: Siyahıda metro və tramvay xətləri də var

“Əvvəllər elan edilmiş plan üzrə ərazilər qüvvədə qalır. 2026-cı ildə söküntü prosesinə ‘Təzəpir’ məscidinin ətrafı, ‘Bayıl-şəhər’ kimi tanınan zonalar, eləcə də keçmiş ‘Sovetski’ (hazırda Yasamal rayonu) ərazisindəki artıq sökülmüş binaların qalıqları olan sahələr cəlb ediləcək”. Bunu Daylinews-az.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Ekspertin sözlərinə görə, bu prosesə həmçinin yeni tikilən metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də daxil ediləcək:

“Xüsusilə 2026-cı və sonrakı illərdə Ceyhun Hacıbəyli küçəsi və 1 nömrəli xəstəxananın ətrafı, həmçinin Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrindəki ərazilərin mərhələli şəkildə sökülməsi gözlənilir. Nərimanov rayonunda isə prosesə ‘Montin’ ətrafı və Keşlə bazarı ərazisi cəlb olunacaq”, – deyə V.Oruc qeyd edib.

Bundan əlavə, Vüqar Orucun qənaətinə görə, analoji proseslər artıq Azərbaycanın bir çox rayon və kəndlərində də həyata keçirilir. Artıq qəzalı binalar müəyyənləşdirilib və onların mərhələli sökülməsi planlaşdırılıb. O, bu prosesin bütövlükdə ölkəni əhatə edəcəyini vurğulayıb.

Vüqar Oruc əlavə edib ki, 2026-cı ildə görüləcək işlərin həcmi dövlət büdcəsinin və investorların maliyyə imkanlarından asılı olacaq:

“Əgər söküntü prosesi Bakının 2040-cı ilə qədər olan Baş Planına uyğun aparılarsa və həmin ərazilərdə parklar və ya ictimai məkanlar salınarsa, vətəndaşlara dövlət büdcəsi hesabına kompensasiya ödəniləcək. Lakin sökülən ərazilərdə müvafiq tikinti şirkətləri tərəfindən yeni binalar inşa olunarsa, bu halda vətəndaşlara həmin binalarda yeni mənzillər veriləcək. Yəni, bütövlükdə bu proses həm investorların cəlb edilməsindən, həm də dövlət büdcəsinin imkanlarından birbaşa asılıdır”, – deyə ekspert yekunlaşdırıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər